Azər Badamov: "İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz bu təşkilatın fəaliyyətinə yeni impuls verəcək"


  • 25 Yanvar 2023 15:52

"İqtisadi Əməkdaşlıq Təşkilatına daxil dövlətlər bir-birinə yaxın və dost ölkələrdir. Bu təşkilat çərçivəsində əməkdaşlıq ölkələrimiz arası münasibətlərin inkişafına xidmət edir. O cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı əsasən 8 istiqamətdə: kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyətləri özündə cəmləşdirir".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 26-cı iclası barədə danışarkən deyib.

O, iclasda İƏT-ə sədrliyin Azərbaycana təhvil verilməsinə də toxunub və ölkəmizin beynəlxalq təşkilatlara sədrlik etməkdə böyük təcrübəsi olduğunu vurğulayıb.

"Məhz Azərbaycanın sədrlik etdiyi dövürdə beynəlxal təşkilatlar daha aktiv fəaliyyətlə yadda qalır. Məsələn, Qoşulmama Hərəkatına sədrliyimizin məhsuldar olması bu təşkilata daxil ölkələr tərəfindən sədrliyimizin bir il də uzadılmasına etimad göstərilməsinə yol açmışdır. O cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz də bu təşkilatın fəaliyyətinə yeni impuls verəcək. Təbii ki, qarşımızda gündəliyə daxil ediləcək məsələlər çoxdur. Hesab edirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz dövründə bu təşkilata daxil dövlətlər arasında əməkdaşlıq münasibətləri yeni mərhələyə daxil olacaq", - deyə deputat qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər