Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının təsdiqinə verildi


  • 25 Yanvar 16:58

Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının təsdiqinə verilib.

Bu barədə e-huquq.az-a icmanın Mətbuat xidmətindən bildirilib.

Belə ki, artıq xeyli vaxtdır Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində iş davam etdirilir. Bu gün İcmanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, İcmanın strukturlarında təmsil olunan ziyalılar, mütəxəssislər iştirak ediblər.

İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlərin, fərdi və qrup halında mütəxəssislərlə görüşlərin keçirildiyini, müzakirələr zamanı yüzlərlə təklifin irəli sürüldüyünü, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elan olunmuş elektron poçta çoxlu sayda təkliflərin daxil olduğunu, bütün bu təkliflərin İşçi Qrupunda sistemləşdirildiyini, təhlil edilib ümumiləşdirildiyini və sənədin layihəsinin hazırlandığını bildirib.

İclas iştirakçılarına təqdim olunan layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, layihə qəbul edilib və prosedura uyğun olaraq, rəsmi təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi qərara alınıb.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Konsepsiya layihəsinin hazırlanmasında və qəbulunda iştirak edən hər kəsə İcma rəhbərliyi adından öz dərin təşəkkürünü bildirib.

Müşahidə Şurası özünün sabahkı (yanvarın 26-da) keçirəcəyi iclasında Qayıdış Konsepsiyasının təsdiqi məsələsinə baxacaq.

Oxşar xəbərlər