Politoloq: "Səfirliyimizə edilən hücum Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirəcək"


  • 27 Yanvar 2023 16:02

"İrandakı səfirliyimizə qarşı hücum Azərbaycan qarşı hücum kimi qiymətləndirilməlidir. Çünki beynəlxalq qanunlara görə istənilən ölkənin səfirliyi həmin ölkənin ərazisi hesab olunur. Səfirliyin qorunması məsuliyyəti ilk növbədə İranın rəsmi qurumlarının öhdəliyi olduğundan baş vermiş terror hücumuna məsuliyyəti də İran dövləti daşıyır".

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, Tehrandakı səfirliyimizə qarşı baş vermis hücum birmənalı olaraq terror aktıdır və təbii olaraq Azərbaycan İran münasibətlərini daha da gərginləşdirəcək.

"Çünki baş verənlər İranın rəsmi dairələri və kütləvi informaisya vasitələri tərəfindən Azərbaycan əleyhinə uzun müddətdir ki, aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsidir. İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqe nəticə etibarilə bu cür terror aktını stimullaşdırdı. Təbii ki, Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələrin də sayı kifayət qədər çoxdur. Çünki İran rejiminin dünyada ölkələrin böyük əksəriyyəti ilə problemi var və bu ölkələrdən hər biri Azərbaycanın da İrana qarşı dayanmasını istəyir. Problemlərin dərinləşməsində ən çox maraqlı olan isə təbii ki, Ermənistandır. Fars-molla rejiminin Ermənistana olna sevgisinin daimi olması üçün Ermənistan Azərbaycanla İran arasında münasibətlərdə daim gərginlik olmasında maraqlıdır. Amma məsələ ondadır ki, Tehrandakı səfirliyimizə hücuma ayrı-ayrı dövlətlərinin maraqları prizmasından deyil, məhz elə İranın özünün davranışları kontekstindən baxmaq lazımdır. İranının isə Azərbaycana yönəlik düşmənçilik siyasəti ortadadır. Bundan əvvəl Böyük Britaniyada səfirliyimizə hücumun arxasında da İran Xüsusi Xidmət orqanlarına bağlı dini radikal qrupun dayandığını nəzərə alaraq demək olar ki, indiki hücum da əvvəlcədən planlaşdırılmış hücumdur və İran buna görə cavab verməlidir. Çünki İran kimi totalitar dövlətlərdə kiminsə özbaşına bu cür terror hücumu təşkil etməsi inandırıcı deyil. İstənilən halda baş verən terror aktı ciddi araşdırma tələb edir. Terror hücumunu həyata keçirən şəxsin saxlanılması da İranı məsuliyyətdən azad etmir", - deyə politoloq qeyd edib.

Y.Bağırzadə vurğulayıb ki, baş verənlər bir daha səfirliklərimizin mühafizəsinin təşkili məsələsini də gündəmə gətirir: "Təbii olaraq və bu olduqca önəmlidir. Hələ İran kimi düşmən mövqe sərgiləyən ir dövlətdə bu məsələyə xüsusi diqqət yönəldilməlidir. Amma baş verənlər onu göstərdi ki, Fransa və Böyük Britaniyadakı səfirliyimizə hücumdan fərqli olaraq Tehrandakı səfirliyimizin mühafizəçiləri hücumun qarşısında ləyəqatlə dayanaraq öz canları bahasına səfirliyimizi qoruyublar. Səfirliyimizin qorunması zamanı şəhid olmuş Orxan Əsgərova Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm".

Xəyalə Bünyatova

Oxşar xəbərlər