"Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan işi var. Həmin işə baxılması kifayət qədər uzun, illərlə davam edən prosesdir".
E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Ancaq tərəflər bir-birinə qarşı müvəqqəti icra tədbirləri kimi bir sıra iddialarla çıxış edirlər və bu iddialarla bağlı qərarların qəbul edilməsi həyata keçirilir. Belə qərarlardan biri də fevralın 22-də qəbul olunub. Orada Ermənistan tərəfindən Azərbaycana qarşı 3 tələb irəli sürülmüşdü. Birinci iddia ondan ibarət idi ki, Laçın-Xankəndi yolunda eko-fəallar, vətəndaş cəmiyyəti üzvləri tərəfindən keçirilən aksiya guya Azərbaycan hökuməti tərəfindən təşkil olunub. Buna görə Azərbaycan dövlətinə qarşı qərar çıxarılması tələb edilmişdi. Məhkəmə bu iddianı rədd etdi. Çünki heç bir sübut təqdim edə bilmədilər. İkinci iddia ondan ibarət idi ki, guya Azərbaycan dövləti Qarabağa gedən kommunikasiya xətlərinə təsir edir. Məhkəmə bu iddianı da əsassız olduğu üçün rədd etdi. Çünki heç bir fakt yox idi. Üçüncü iddia isə Laçın yolunun Azərbaycan tərəfindən dərhal bütün şəxslər üçün açılması tələbi ilə bağlı idi. Məhkəmə bununla bağlı Ermənistanın tələb etdiyi formada deyil, fərqli bir formada qərar çıxarıb", – deyə XİN başçısı bildirib.
Eltac Nurullazadə
