Məzmuna keç

Deputat: “Lavrovun səfəri sülh müqaviləsinin imzalanmasına töhfə verə bilər”

"Düşünürəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfərindən sonra Rusiyanın Ermənistana təsiri və təyziqi nəticəsində sülh müqaviləsinə imza atmaq istiqamətində Ermənistan tərəfindən müəyyən işlər görüləcək".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

O bildirib ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə töhfə verə biləcək önəmli ölkələrdəndir: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Rusiyanın vasitəçiliyi ilə bir sıra razılaşmalar əldə olunub. Sonradan Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın vasitəçiliyini arxa plana ataraq Qərbə, xüsusən də Fransaya üz tutdu. Bununla da Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə böyük maneələr yarandı".

Deputat deyib ki, Azərbaycanla Rusiya arasında istər siyasi, istərsə də iqtisadi əlaqələr hər zaman yüksək səviyyədə olub: "Vətən müharibəsi və postmüharibə dövründə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini tanıdığını dəfələrlə dilə gətirib. Lavrovun Bakıya səfərindən öncə Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına səfər etməsi, səfər çərçivəsində bu ölkənin Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşməsi iki ölkə arasında parlament səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir. Görüş zaman Volodinin Azərbaycanla bağlı söylədiyi fikirlər Rusiya Federasiyasının qanunverici orqanının Azərbaycanla əlaqələrə böyük üstünlük verdiyini sübut edir".

Lalə Salmanova