"Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması Azərbaycanın təhlükəsizliyi üçün ciddi məsələdir".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, bu prosesin qarşısının alınması üçün addımlar atılmalıdır: "Rusiya sülməramlılarının bu cür hadisələrə göz yumması bizim üçün həyatı əhəmiyyət daşıya biləcək, dövlət təhlükəsizliyimizi təhdid altına sala biləcək proseslərə rəvac verir. Ona görə də Azərbaycan tərəfi bu istiqamətdə ən sərt addımları atmalıdır. Ötən gün Ermənistanın təxribatı nəticəsində iki hərbçimiz şəhid oldu. Biz bunun qisasını ermənilərdən 10 qat artıq almalıyıq. Bölgədə hər hansı bir şəkildə terrorun baş verməsinə, seperatçıların silahlı qüvvəyə çevrilərək daha böyük zərər yetirməsinə imkan verməməliyik. Azərbaycan dövləti, Azərbaycan ordusu bu istiqamətdə öz üzərinə düşəni edir və bundan sonra da edəcəkdir. Heç kim arxayn olmasın ki, ermənilər burda əvvəlki kimi ərköyünlük edə biləcək".
Lalə Salmanova
