Məzmuna keç

Ombudsmanın illik məruzəsindəki təkliflərin reallaşması əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin edəcək

Martın 7-də Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisə illik məruzəsini təqdim etdi. Sənədin məzmunundan Ombudsmanın fəaliyyətinin çoxşaxəli olduğu, bir çox mühüm sahələri əhatə etdiyi görünür.

Məruzəyə nəzər salsaq, görərik ki, Ombudsmanın diqqət ayırdığı sahələrdən biri də aztəminatlı ailələrin sosial rifah halının yüksəldilməsidir. Məlumdur ki, ölkəmizdə bu istiqamətdə müxtəlif tədbirlər görülür, o cümlədən də aztəminatlı ailələrə ünvanlı sosial yardım verilir. Ombudsmanın həmin yardımın təyin olunması zamanı istismara yararsız nəqliyyat vasitəsinin, kommunal və rabitə xərcləri məbləğinin nəzərə alınmaması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, habelə beşdən çox uşağı olan qadınlara verilən müavinətin cari transfertlər siyahısından çıxarılması barədə təklifləri aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə töhfə verə bilər.

Ombudsmanın qaldırdığı digər məsələ isə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı oldu. Son illər Azərbaycanda əlillik dərəcələrinin təyin olunması sahəsində islahatlar aparılsa da, vətəndaşların narazılığına səbəb olan neqativ hallar hələ də qalmaqdadır. Xəstələrin düzgün müayinə olunmaması, əlillik dərəcəsinin düzgün təyin edilməməsi, eyni zamanda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyə yol verilməsi ilə bağlı narazılıqlar var. Ombudsmanın bu süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinə ehtiyac olduğunu bildirməsi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin daim Ombudsmanın diqqət nərkəzində olduğunu göstərir. Şübhəsiz ki, bu təkliflər reallaşacağı təqdirdə, sağlamlıq imkanları məhdud olan və əlillik dərəcəsini almaqda çətinlik çəkən vətəndaşların qarşısındakı maneələr aradan qalxar.

Bu gün əhalinin sağlamlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu mənada qanunvericilikdə müəyyənləşdirilmiş qaydada vətəndaşların ayrı-ayrı kateqoriyalarına pulsuz və ya güzəştli dərman yardımı göstərilməsinə təminat verilir. Ombudsman isə hesab edir ki, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayı artırılmalıdır. Səbinə Əliyeva Azərbaycanda dərman vasitələrinin baha olması ilə bağlı məsələyə də diqqət çəkib və ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Həmçinin, dərman vasitələrinin keyfiyyəti ilə bağlı narahatlığını dilə gətirib və dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməli olduğunu deyib. Ombudsmanın sözügedən təklifləri sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasınının qarşısının alınması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

Sözsüz ki, hər il havaların soyuması ilə aktuallaşan məsələlərdən biri də məktəblərdə istilik problemidir. Bu, davamiyyətin aşağı düşməsinə səbəb olmaqla, şagirdlərin təhsil hüququnun səmərəli təmin olunmasına mane olur. Belə bir vacib məsələ Ombudsmanın da diqqətindən kənarda qala bilməzdi. İllik məruzəsini təqdim edərkən Səbinə Əliyeva bu istiqamətdə təkliflərini verdi və təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinin məqsədəmüvafiq olduğunu dedi.

Ombudsmanın təhsil hüququnun təmin edilməsi ilə bağlı qaldırdığı məsələlər bununla məhdudlaşmayıb. O, həmçinin orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təklif edib. Həqiqətən də, bu gün əlavə tədris vəsaitlərini almaqda çətinlik çəkən xeyli sayda insan var. Lakin mövcud təhsil proqramının mənimsənilməsində mühüm rol oynayan əlavə tədris vəsaitlərinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi bu vəsaitləri bütün şagirdlər üçün əlçatan edər, eyni zamanda valideynləri əlavə xərcdən xilas etmiş olar.

Son dövlər geniş ictimaiyyəti ciddi şəkildə narahat edən məsələlərdən biri də müəllim-şagird münasibətlərindəki problemlər və bundan qaynaqlanan xoşagəlməz hallardır. Bu kimi problemlər hər dəfə gündəmə gəldikcə, həll yolu kimi müxtəlif təkliflər səsləndirilir. Ombudsmanın məsələyə kompleks yanaşaraq peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə məktəblərdə psixoloq ştatlarının artırılması, eyni zamanda müəllim-şagird münasibətlərində, pedaqoji heyət daxilində yarana biləcək mübahisələrin effektiv həlli məqsədilə təhsil sistemində mediasiya institutunun tətbiq olunması barədə təklifləri mövcud problemlərin həllində mühüm rol oynaya bilər.

Ombudsman məruzəsində məhkəmələrin fəaliyyəti ilə bağlı məsələlərə də diqqət çəkib. O, məhkəmə bildirişinin tərəflərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməməsi, nəticədə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaradılmaması, məhkəmə qərarının surətinin tərəflərə vaxtında göndərilməməsi və bununla da yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququnun məhdudlaşdırılması, məhkəmə qərarlarının icrasına məhkəmə nəzarətinin qənaətbəxş olmaması kimi problemlərə toxunub.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından sonra bu sahədə mühüm işlər görülüb. Məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atılıb. Səbinə Əliyevanın qeyd etdiyi problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımların atılması ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına töhfə vermiş olar.

Məruzədə diqqət çəkən məsələlərdən biri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Ombudsman 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında xüsusi fəallıq göstərib. Onun bu istiqamətdəki fəaliyyəti postmüharibə dövründə də davam edib. Məruzədən də aydın olur ki, Ombudsman Ermənistanın müharibə cinayətləri, mina və ekoloji terror nəticəsində günahsız insanların həlak olması və sağlamlıqlarını itirməsi, ətraf mühitə ziyan vurulması faktlarları ilə bağlı çoxsaylı hesabat, bəyanat və müraciətlərlərlə beynəlxalq qurumları məlumatlandırıb. Təbii ki, bu da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində mühüm rol oynayıb.

Bu və bir çox digər məsələləri özündə əks etdirən məruzə onu deməyə əsas verir ki, Ombudsman təsisatı cəmiyyətin bütün sferalarında insan hüquq və azadlıqlarının müasir çağırışlara uyğun şəkildə təmin olunması istiqamətində mühüm addımlar atır. İllik məruzədə öz əksini tapmış təklif və tövsiyələr də insanların layiqli həyat şəraitinin təmin olunmasına, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət etmək məqsədi daşıyır.

Lalə Salmanova