“Azərbaycan bir daha göstərdi ki, regionda və dünyada davamlı sülhün və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır”.
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu haqqında danışarkən deyib.
O bildirib ki, bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir: "Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir".
Y.Bağırzadə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib.
"Forumlarda keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan, Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti var. Ümumiyyətlə isə qeyd edim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 60 ölkədən 350-dək nümayəndə iştirak etdi", – deyə politoloq qeyd edib.
O bildirib ki, forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələlər müzakirə edilib: "Rusiya-Ukrayna müharibəsi, pandemiyalar, iqlim dəyişiklikləri, texnoloji inkişaf bütün dünya üçün yeni təhdidlər yaradıb. Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda, beynəlxalq arenada gərginliyin artdığı vaxtda məhz Azərbaycanın təşəbbüsü ilə ilk dəfə bu cür geniş tərkibdə və formatda, hər hansı ideoloji çalardan uzaq formatda dünyanı narahat edən məsələlər müzakirə olunub. X Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir".
Y.Bağırzadə Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar təcrübəsini diqqətə çatdırdığını deyib: "Həmçinin Prezident İlham Əliyev Azərbaycanın sülh quruculuğu ilə bağlı səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim etdi. Şübhəsiz ki, Prezidentimizin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli töhfə verdi. Prezident İlham Əliyev Forumda çıxışı zamanı bildirdiyi kimi, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Belə bir zamanda bu kimi forumların keçirilməsi sözsük ki, olduqca əhəmiyyətlidir. Prezident öz çıxışında bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla yanaşı Prezident çıxışında həmçinin ciddi mesajlar da verdi və bildirdi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır. Amma biz eyni qarşılığı Ermənistan tərəfdən hələ də görmürük. Bu isə Ermənistanın dinc yolla yaşamaq istəmədiyini göstərir. Prezidentin çıxışında beynəlxalq təşklatlara da ünvanlanmış mesajlar var idi. “Ümid edirik ki, vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün, sülh üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, deyən Prezident bununla faktiki olaraq vasitəçi dövlətlərə “Ermənistanın ipini çəkin” mesajını vermiş oldu. Cənab Prezident öz çıxışında həm də ATƏT-in Minsk qrupunu yenidən aktuallaşdırmaq istəyənlərə də sərt xəbərdarlıq etdi. Vurğuladı ki, münaqişə artıq həll olunub. Minsk qrupu ətrafında spekulyasiyalar Azərbaycanda qıcıq doğurur. Həqiqətən də, əsasən Ermənistan və onu dəstəkləyən bəzi subyektlər Minsk qrupu ətrafında müzakirələr açmaqla əslində sülh prosesini əngəlləməyə çalışırlar. Azərbaycan Prezidenti isə, artıq Minsk qrupunun fəaliyyətinə gərək qalmadığını açıq mətnlə səsləndirmiş oldu”.
Politoloqun fikrincə, X Bakı Qlobal Forumunun Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycan yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimul vermiş olacaq.
Lalə Salmanova
