Deputat: "Azərbaycana sərmayə qoyan alman şirkətlərinin sayı artacaq"


  • 24 Mart 18:31

"Almaniya Federativ Respublikası Azərbaycanın Avropadakı ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Bu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev 22 dekabr 1996-cı il tarixdə Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib, görüşlərində ulu öndər Almaniya rəsmiləri ilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həll məsələlərini müzakirə edib. Sonrakı dövrlərdə prezidentlər Heydər Əliyev və İlham Əliyev bir neçə dəfə Almaniyaya rəsmi səfərlər ediblər. Almaniya Federativ Respublikasının dövlət və hökumət rəsmiləri də Azərbaycana səfərlər edib, iki ölkə arasında əməkdaşlıq daha da inkişaf etdirilib".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

O bildirib ki, Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı birgə mübarizə sahələrində əməkdaşlıq haqqında sənədlər imzalanıb.

"2018-ci ildə Azərbaycana səfər etmiş Almaniyanın Federal Kansleri Angela Merkerin "Azərbaycan regionda Almaniyanın ən böyük tlcarət tərəfdaşıdır" deməsi sıx iqtisadi əlaqələrin mövcudluğundan xəbər verir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya ixrac edilməsini və ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu Almaniya çox yüksək qiymətləndirir. Prezident cənab İlham Əliyev 13 mart tarixində Almaniya Federativ Respublikasına səfər etmiş və səfər çərçivəsində Almaniyanın ən böyük və aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirmişdir. Görüşdə ölkə başçımız Azərbaycan dövlətinin müstəqil iqtisadi siyasət yürütməsi, ölkəmizin beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq etməsi, eləcə də xarici investorların Azərbaycanda fəaliyyət göstərmələri üçün onlara bütün imkanların yaradılması barədə çıxış etdi və şirkət rəhbərlərinin suallarını cavablandırdı.
Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatlar nəticəsində ölkəmizdə neft-qaz sektoru ilə yanaşı qeyri neft-qaz sahəsi də sürətlə inkişaf etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə ÜDM əksər hissəsi qeyri-neft sektorunun payına düşür. Son 20 ildə iqtisadiyyatımızın 3 dəfədən çox artması, ölkəmizin xarici borcunun ümumdaxili məhsulun 10 faizindən az olması Azərbaycan iqtisadiyyatının dünyada ən dayanıqlı, sürətlə inkişaf edən ölkələrdən öndə olmasından xəbər verir", - deputat qeyd edib.

K.Əliyeva deyib ki, bu gün bir çox Avropa dövlətləri, eləcə də Aİ Azərbaycanı etibarlı tərəfdaş dövlət adlandırır: "Avropanın enerjiyə olan tələbatının artdığını və Aİ nın tərəfdaşlıq haqqında təkliflərini və müraciətlərini nəzərə alaraq Azərbaycandan Avropaya TAP və TANAP boru xətləri vasitəsilə nəql olunan təbii qazın həcmi 2 dəfə artırılacaq. Bu bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinə böyük dəstək verəcək. Bu gün Avropa Azərbaycanın nəqliyyat infrastrukturuna da böyük maraq göstərir. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda nəqliyyat-loqistika sahəsi yenilənib və genişləndirilib. Tranzit ölkə olaraq Azərbaycan ərazisindən keçən yükdaşımaların həcmi hər il artmaqdadır. Azərbaycanda dəniz limanları və dəmir yol infrastrukturlarının genişləndirilməsi işinə Almaniya şirkətləri böyük maraq göstərir və Azərbaycan dövləti də bu şirkətlərlə əməkdaşlığı müsbət qiymətləndirir. Ölkə başçımız alman şirkətlərinə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yaşıl enerji zonası elan edilməsi barədə də məlumat verdi. Son dövrlər Azərbaycanda bərpaolunan enerji istehsalı sahəsində çox böyük layihələr həyata keçirilib və bu işlər davam etdirilir. Yaxın zamanda Azərbaycandan Avropaya elektrik enerjisi də ixrac ediləcək. Görüşdə alman şirkətlərinin rəhbərləri Azərbaycanda fəaliyyət göstərmələrindən şad olduqlarını, fəaliyyətlərini genişləndirməyə maraq göstərdiklərini bildirdilər. Prezident cənab İlham Əliyevlə keçirilən bu səmimi, açıq söhbətlər və müzakirələrdən sonra Azərbaycana sərmayə qoyan alman şirkətlərinin sayı artacaq".

Oxşar xəbərlər