Məzmuna keç

Deputat: “İrandan ölkəmizə edilən səfərlər nəzarətə götürülməlidir”

"Son dövrlərdə İran tərəfindən Azərbaycana qarşı sərgilənən qeyri-adekvat davranışlar, artıq göründüyü kimi, siyasi səhnədə də davam etdirilir. Bu aqressiya, bu kin, bu nifrət Azərbaycan xalqının sevgisi ilə bütünləşən cənab Prezident İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, Azərbaycanın güclənməsi və düşmənlərin Azərbaycanın iradəsi əleyhinə Cənubi Qafqazda bir addım belə ata bilməməsinin yaratdığı quyruq acısıdır. Bu quyruq kimindir?! Artıq bəllidir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

O, bildirib ki, İranın İsraillə əlaqələri olan bir çox müsəlman ölkəsi ilə münasibətləri var: "İsraildə səfirliyi olan ilk müsəlman ölkəsi də Azərbaycan deyil və gələcəkdə də digər müsəlman ölkələri İsraildə səfirlik aça bilməz deyə bir məhdudiyyət yoxdur. Yəni İran bir növ öz daxilində yaratdığı molla rejimini, beynəlxalq münasibətlər sistemində tətbiq etməyə cəhd edir. Çünki hər hansı bir ölkəni, başqa bir ölkədə səfirlik açdı deyə təhdid etmək, diplomatik nümayəndəliyinə hücum təşkil etmək, hədələmək, həmin ölkədə siyasi şəxslərə qarşı terror hadisəsi törətmək, yəqin ki, dünyada sadəcə molla rejiminin xislətinə uyğundur. Ümumiyyətlə, heç bir ölkə Azərbaycana harada nə vaxt səfirlik açıb açmayacağını diqtə edə bilməz! Və xüsusilə əgər bu ölkə vətən müharibəsi vaxtı və müharibədən sonra Ermənistana bəzən açıq, bəzən gizlincə dəstək veribsə.Yəni Azərbaycanı ittiham etmək, hələ təhdid etmək, təxmin edilməsi mümkün olmayan ağır nəticələrə gətirib çıxara bilər".

Deputat deyib ki, dünən həm İranın ölkəmizdəki səfirliyinin bəzi əməkdaşları beynəlxalq hüquq normalarına, Vyana Konvensiyasına istinad olunmaqla "persona non grata" elan olundu, həm də hüquq mühafizə orqanlarımız tərəfindən İran xüsusi xidmət orqanları ilə bağlı qrupların neytrallaşdırması istiqamətində intensiv fəaliyyət davam etdirilir: "Ümumiyyətlə isə düşünürəm ki, son dövrlərdə ölkəmizdə baş verən hadisələri nəzərə alaraq İranla quru və su sərhədlərində hər zamankindən daha diqqətli olmalıyıq və xüsusilə İrandan ölkəmizə səfərlərin nəzarətə götürülməsi önəmlidir. Əminəm ki, hüquq mühafizə orqanlarımız peşakarcasına bunların öhdəsindən gələcək".

Lalə Salmanova