Məzmuna keç

Politoloq: “Fransanın 12 aprel tarixli bəyanatı Ermənistanı növbəti təxribatlara təhrik etməyə hesablanıb”

"Fransanın Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı birbaşa Ermənistanı növbəti təxribatlara təhrik etməyə və revanşist qüvvələrə dəstək verməyə hesablanıb".

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, Azərbaycan dövləti və cəmiyyəti Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinə dəfələrlə şahidlik edib.

"Hər kəs rəsmi Parisin 25 ilə yaxın müddətdə münaqişənin həllində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə göz yumaraq onlara dəstək verdiyini yaxşı bilir. Həmin müddət ərzində Fransa bir dəfə də olsun Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana “Azərbaycanın ərazi bütövlüyünə hörmət et və qoşunlarını işğal olunmuş ərazilərdən çıxar” demədi. Bu da azmış kimi Qarabağ savaşındakı zəfərimizdən sonra Fransa Senatı dırnaqarası ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıyan qәtnamә qәbul etdi. Daha sonra da Fransa senatı və Milli Assambleyası tərəfindən ölkəmizə qarşı dəfələrlə müxtəlif Qətnamələr qəbul olundu. Bütün bunlar rəsmi Parisin Ermənistanla Azərbaycan arasında olan münasibətlərin normallaşmasında, eləcə də regionda sülhdə maraqlı olmadığının bariz sübutudur. Üçtərəfli bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir. ABŞ və Böyük Britaniya səfirləri, sivil, demokratik dünya ermənilər tərəfindən əsgərlərimizə işgəncə verməsi faktı ilə bağlı mövqe ortaya qoyduğu halda Fransanın susması da bu ölkənin əsl simasının nədən ibarət olduğunu bariz şəkildə ortaya qoyur. Çalışmaq lazımdır ki, rəsmi Parisin Ermənistanı növbəti təxribatlar törətməyə stimullaşdıran mövqeyinin hər kəs tərəfindən qınanılmasına nail olaq. Xüsusilə də Fransadakı Azərbaycan diasporu təmsilçilərimizin bu məsələdə öz haqq səslərini ucaltması lazımdır", – deyə politoloq qeyd edib.

Lalə Salmanova