Məzmuna keç

“Ermənistan ilə sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulması sülh danışıqlarını sürətləndirəcək” –

“Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli bir hadisədir. Mürəkkəb geosiyasi şərtlər daxilində bu addımın atılması Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, bu məntəqə eyni zamanda erməni təxribatlarının qarşısını almağa imkan yaradacaq: “Əslində belə bir buraxılış məntəqəsi müharibədən dərhal sonra qurulmalı idi. Lakin bəzi xarici qüvvələrin təsirinə görə bu mümkün olmadı. Bu məntəqə Ermənistandan Qarabağa, yaxud da əks istiqamətdə silah daşınmasının qarşısını alınacaq, həmçinin döyüş sursatı, minaların Azərbaycan əraizisinə keçməsinə imkan verməyəcək. Bundan sonra Azərbaycan hərbçiləri, mülki vətəndaşları xəsarət almayacaq. Bu məntəqə eyni zamanda erməni təxribatlarının 99 faizinin qarşısını almağa imkan yaradacaq. Amma Qarabağ ərazisində hələ də çıxarılmayan 10 minədək erməni silahlı terror qruplaşması mövcuddur. Onlar tərəfindən müəyyən təxribatların törədilməsi istisna edilmir. Ancaq təxribatların olması o demək deyil ki, hansısa status-kvo dəyişiləcək. Terrorçular etdikləri təxribata artıqlaması ilə cavabını alacaq”.

Deputatın fikrincə, bu tarixi hadisə separatçılar üçün ciddi bir mesajdır: “Prezident İlham Əliyevin də dediyi kimi onların iki yolu var. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan Konstitusiyasına hörmətlə yanaşmalıdırlar. Əgər bunu istəmirlərsə, seçim edərək çıxıb gedə bilərlər. Bu mənada separatçıların son ümidləri də puça çıxdı deyə bilərik. Ona görə də belə bir məntəqənin qurulmasının siyasi əhəmiyyəti Azərbaycan üçün çox böyükdür".

N.Məhəməliyev deyib ki, sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanla-Ermənistan arasında sülh danışıqlarını da sürətləndirəcək.

"Ermənilər ciddi şəkildə dərk edir ki, bundan o tərəfə yol yoxdur. Onlar gələcəkdə öz dövlətçiliklərini qoruyub saxlamaq istəyirlərsə, Azərbaycanla sülh müqaviləsi imzalamalıdırlar. Bunun başqa alternativi yoxdur. Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir. Biz ədalətli olan tərəfik. Azərbaycanın beynəlxalq hüquqla bağlı heç bir problemi yoxdur. Hesab edirəm ki, bu tarixi bir qələbədir və xalqımızı bu münasibətlə təbrik edirəm”, – deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə