Məzmuna keç

“Azərbaycanın Avropaya enerji resurslarının ixracı dünyada ölkəmizin gücünü artırır” –

"Ötən gün Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində imzalandığı “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, imzalanmış sənədlərə əsasən, infrastrukturun genişləndirilməsi Azərbaycan qazının avropalı alıcıların sayını 6-dan 10-a artıracaq.

"İmzalanma mərasimində iştirak edən bütün tərəflər Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha ifadə etdilər. Azərbaycan Avropaya ancaq qaz ixracı etməklə kifayətlənmir. Azərbaycanın neft və neft-kimyası məhsulları da Avropaya ixrac olunur. İndi yeni bir ixrac layihəsinin reallaşdırılması üzərində işlər aparılır. Bu, bərpa olunan enerjinin və yaşıl hidrogenin Avropaya ixracı layihəsi olacaqdır. Azərbaycanın bərpaolunan enerji potensialı ilkin hesablamalara görə 200 qiqavat dəyərləndirlilir. Artıq 25 qiqavat gücünün yaradılması istiqamətində investisiya lahiyələrin icrasına başlanılıb. Qara dənizin dibi ilə yeni marşurutların əmələ gətirilməsi Azərbaycanın bərpaolunan enerjisinin də Avropaya çatdırılmasına imkan verəcək. Azərbaycanın Avropaya enerji resurslarının ixracı və iqtisadi bağlarımızın möhkəmlənməsi dünyada ölkəmizin sözünün gücünü də artırır", – deyə deputat qeyd edib.

A.Badamovun sözlərinə görə, dünya nizamında baş verən dalğalanmalar beynəlxalq siyasi-iqtisadi sistemdə yeni çağırışlar meydana gətirib: "Bu çağırışlar yeni əməkdaşlıq platformaların yaradılması, tranzit marşurutların xəritələrinin dəyişilməsi və enerji resursların yeni mənbələrdən idxal olunmasını zəruri edib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində həyata keçirilən beynəlxalq tranzit layihələri və karbohidrogen resurslarının ixrac kəmərləri Azərbaycanı etibarlı tərəfdaş kimi dünyaya tanıdıb. Avropa İttifaqının təbii qazla təminatında alternativsiz marşuruta çevrilmiş Cənub Qaz Dəhliz lahiyəsi gündəmə gətiriləndə bu layihəyə perspektivsiz bir layihə kimi baxanlar bu gün Azərbaycanla əməkdaşlıq etmək və qazımızın istehlakçısı olmaq üçün ölkəmizə müraciət edirlər. Son 30 ildə icra etdiyimiz layihələr Azərbaycanı dünyada sözü imzası qədər dəyərli bir ölkə olduğunu sübut edib".

Deputat deyib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi Avropa İttifaqının enerji təminatında müəyyən çətinlik yaradıb: "Bu çətinliyin aradan qalxmasında Azərbaycan qazı əvəzolunmaz mənbə rolunu oynayır. 2020-ci ilin dekabrın sonunda istismara buraxılmış TAP ixrac boru kəmərinin şaxələnməsi sürətlə davam etdirilir".

A.Badamov qeyd edib ki, ötən il Avropa Komisiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumun imzalanması ilə 2027-ci ilə qədər Avropa İttifaqına ixrac etdiyimiz qazın həcmi iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılacaq: "Bu memorandumun imzalanmasından keçən dövrdə ixrac etdiyimiz həcmlərdə kifayət qədər artımlar baş verib. Keçən il Yunanıstan – Bolqarıstan qaz interkonnektorun istifadəyə verilməsi Azərbaycan qazını Balkan öılkələrinə qədər çatdırmaq imkanı yaradıb".

Şəbnəm Mehdizadə