“Ermənistan və Azərbaycan arasında danışıqlar həmişə lazımdır. Danışıqlardan imtina etmək olmaz. Azərbaycan tərəfi olaraq biz həmişə müzakirənin tərəfdarı olmuşuq. İstər ölkə başçıları, istər xarici işlər nazirləri, istərsə də digər rəmi şəxslər səviyyəsində biz həmişə danışıqların tərəfdarı olmuşuq. Çünki biz sülh istəyirik”.
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan XİN başçısı Ceyhun Bayramovun dünən Moskvada Rusiyanın xarici işlər naziri Sergeylə Lavrov və Ermənistanın XİN başçısı və Ararat Mirzoyanla ötən gün keçirdiyi görüşlərə fikir bildirərkən deyib.
O bildirib ki, danışıqların aparılmasına baxmayaraq, Ermənistan götürdüyü vədlərdən boyun qaçırır: "2022-ci ilin 10 noyabrından etibarən başlanan danışıqlardan sonra imzalanan sənədlərdə Ermənistan öz üzərinə düşən öhdəliklərin heç birinə əməl etmir. Onlar nəyinsə xatirinə fikir bildirir. Paşinyan danışıqlar zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və qəbul etdiyini bildirir. Əgər sən Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, Azərbaycan ərazisində olan 10 mindən çox erməni silahlı birləşmələri torpaqlarımızdan çıxarmalısan. Azərbaycan ərazisində olan separatçı-cinayətkar quruma Ermənistanın dövlət büdcəsindən vəsait ayırmamalı, Azərbaycanın daxili işlərinə qarışmamalısan. Biz dediyimiz sözün arxasındayıq. Azərbaycan 2020-ci ilin noyabrın 10-dan sonra imzalanan sənədlər, verilən bəyanatların hamısını icra edir, götürdüyü öhdəlikdən boyun qaçırmır. Ermənistan isə bu sənədlərə əməl etmir”.
Deputat hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi adlı sənəd imzalansa da, Ermənistan sülh sazişinin şərtlərinə əməl etməyəcək: “Hətta sülh müqaviləsi imzalansa belə, onlar öz xəyanətkar əməllərindən, təxribatlarından əl çəkməyəcək. Bunun kökündə onların Konstitusiyasında Azərbaycan, Türkiyə dövlətinə qarşı iddialar, qondarma "erməni soyqırımı"nın yer alması faktı dayanır. Bunlar hamısı dəyişilməlidir. Əgər Ermənistan sülhdən, qonşuluq və əməkdaşlıqdan danışırsa, öz təxribatlarından əl çəkməlidir. 1992-93-cü illərindən başlayaraq, ATƏT-in Minsk qrupu dünyanın o ölkəsi, şəhəri qalmadı ki, orada görüş keçirməsin, danışıq aparmasın. Nəticə nə oldu? Heç nə! İndi eyni ssenari təkrarlanır. Ermənistan öz üzərinə götürdüyü öhdəliklərində səmimi olmayana qədər sülh sazişi bağlansa da, ermənilər öz əməllərindən əl çəkməyəcək. Biz Ermənistanı sülhə məcbur etmək variantından istifadə etməliyik. Əks təqdirdə, onlar günü-gündən silahlanıb, güclənib təhlükə yaradacaq. Onların başı üzərində "Dəmir yumruq" hazır vəziyyətdə qalmalıdır. Bunun başqa yolu yoxdur”.
Şəbnəm Mehdizadə
