Məzmuna keç

YAP-ın sədr müavini: “Parlamentə müraciət edəcəyik” – YENİLƏNDİ

YAP-da mətbuat konfransı keçirilir

"Bu gün də Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilməsini zəruri hesab edir. Bunun üçün Prezident İlham Əliyevə parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək".

E-huquq.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, parlamentə məktub ünvanlanacaq.

Ə.Əhmədov qeyd edib ki, müraciət imzalanıb və yaxın zamanlarda parlamentə daxil olacaq: "Yaxın zamanlarda plenar iclasın gündəliyinə salınacağına inanıram. Qəbul edilən qərara qeyri-adi qiymət verməyə ehtiyac yoxdur. Bu, islahatların genişlənməsinin bir növüdür. İnanıram ki, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək".

***

15:02

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini – icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.

E-huquq.az xəbər verir ki, mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.

Qeyd edək ki, YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.