"ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə edilən hücumu Türkiyədə seçkilərin ikinci turunun keçirilməsinə qarşı törədilən təxribat kimi qiymətləndirirəm".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildiirb ki, belə ucuz təxribatlar türk xalqın iradəsini heç vaxt qıra bilməz.
"Türkiyə keçirdiyi seçkilərdə dünyaya bir demokrtaiya dərsi keçdi. Qarşıdan gələn ikinci tur seçkilərdə də bu demokratik seçimlər davam etdirələrək türk xalqı öz iradəsini nümayiş etdirə biləcək. Təbii ki, Türkiyənin inkişafını və güclənməsini istəməyən dairələr çoxdur. Onlar müxalifətə dəstək verir və onların hakimiyətə gəlməsinə çalışırlar. Amma türk xalqı seçkilərdə öz sözünü deyib və ikinci turda da Türkiyənin güclü olmasının davamına səs verəcəklər. Bu hücumu isə Türk Evində seçki məntəqəsinin yerləşməsindən istifadə edərək təşkil etdiyini hesab edirəm. Təhlükəsizlik orqanları tərəfindən müvafiq məsələ ilə bağlı araşdırmaların aparacağını və bu hücumun arxasında kimlərin və nəyin dayandığını açıqlayacağını düşünürəm. Qeyd etmək istəyirəm ki, belə ucuz təxribatlar türk xalqın iradəsini heç vaxt qıra və ya dəyişə bilməz", – deyə A.Badamov qeyd edib.
Qeyd edək ki, ötən gün ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub. Binanın şüşələri sındırılıb. Hazırda Türk Evində Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün seçki məntəqəsi fəaliyyət göstərir. Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu da burada yerləşir.
Şəbnəm Mehdizadə
