Məzmuna keç

“Türk Evinə hücum edənlər Türkiyədəki seçki prosesinə mənfi təsir göstərməyə çalışırlar” –

"ABŞ-ın Nyu-York şəhərindəki Türk Evinə edilən hücum təəssüf doğurur. Çünki sözügedən bina adi bir yer deyil, diplomatik korpusdur. Bu təxribata əl atanlar bilməlidir ki, bu addımı atmaqla ikitərəfli münasibətlərə xələl gətirirlər".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

Deputatın sözlərinə görə, təxribatı törədənlər Türkiyədəki seçki prosesinə mənfi təsir göstərməyə çalışırlar.

"Həmin binada konsulluq, o cümlədən Türkiyənin ayrı-ayrı qurumları yerləşir. ABŞ bu cür obyektlərin mühafizəsinə görə məsuliyyət daşıyır. ABŞ kimi böyük bir dövlət belə məsələlərdə həssas və diqqətli olmalıdır. Hadisələrin kimlər tərəfindən törədilməsinə gəlincə isə, bu barədə müvafiq hüquq-mühafizə orqanları hələlik araşdırma aparır. Müəyyən məlumatlar veriləcək. Bu hadisə birmənalı olaraq Türkiyəni istəməyən, Türkiyədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrin törətdiyi təxribatdır. Ola bilsin ki, onlar belə hadisələrlə Türkiyədəki seçki prosesinə mənfi təsir göstərməyə çalışırlar. Lakin onlar bilməlidir ki, bu addımı atmaqla eyni zamanda ikitərəfli münasibətlərə xələl gətirirlər. Belə təxribatlar həm də digər dövlətlərdə analoji hadisələrin baş verməsinə zəmin yaradır. Düşünürəm ki, bu addımların qarşısı alınmalıdır", – C.Məmmədov bildirib.

Şəbnəm Mehdizadə