"Azərbaycanla Litva strateji tərəfdaş dövlətlərdir" - Kamilə Əliyeva


  • 26 May 2023 09:51

“Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Azərbaycanın Avropa İttifaqına üzv olan Litva Respublikası ilə sıx siyasi əlaqələri mövcuddur və strateji tərəfdaş dövlətlərdir. Bu siyasi əlaqələr digər sahələrdə də əməkdaşlığa böyük təkan verir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva söyləyib.

Deputat bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlərdə böyük işlər görülüb: “Cənab Prezident İlham Əliyev 22 may tarixində Litvaya rəsmi səfər etdi və dövlətlərarası bir sıra sənədlər imzalandı. Mətbuata bəyanatla çıxış edən ölkə başçımız Azərbaycan-Litva əlaqələrinin inkişaf etməsindən, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, ölkəmizdə yaradılmış nəqliyyat və logistika infrastrukturları barədə məlumat verdi. Bu gün Azərbaycanla Litva Respublikası arasında fəal siyasi əlaqələr mövcud olsa da, iqtisadi-ticari əlaqələr hər iki ölkənin arzuladığı səviyyədə deyil. İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlər böyük işlər görülüb. Ötən il Litva Prezidentinin Azərbaycana səfər etməsi və Bakıda Azərbaycan-Litva biznes forumun keçirilməsi ticari əlaqələrin genişləndirilməsinin başlanğıcı oldu”.

K.Əliyeva qeyd edib ki, İlham Əliyevin Litvaya səfər etməsi, iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması və Vilnüsdə də Azərbaycan-Litva biznes forumunun keçirilməsi iqtisadi və siyasi əlaqələri daha da genişləndirəcək: “Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycan və Litva bərpa olunan enerji sahəsində çox ciddi və paralel işlər aparır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb marşrut xətlərinin qovşağında yerləşdiyindən ölkəmizdə şaxələndirilmiş böyük nəqliyyat və logistika infrastrukturu yaradılıb ki, bunun sayəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi hər il artmaqdadır. Xəzər dənizini, Cənubi Qafqazı, Baltik dənizi ölkələrilə birləşdirən nəqliyyat marşurutunu da reallaşdırmaq üçün bütün imkanlar mövcuddur. Hər iki dövlət bu marşrut xəttinin yaradılması və fəaliyyəti istiqamətində birgə işlər aparır. Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda Prezident cənab İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq, bununla yanaşı ölkəmizdə istehsal olunacaq bərpa olunan enerjinin Avropa ölkələrinə ixracı barədə də çıxış etdi. Həm Azərbaycanda, həm də Litvada keçirilən biznes forumlarında Azərbaycan və Litva Prezidentlərinin iştirak etməsi iki ölkənin biznes mühitinə və sahibkarlar arasında əlaqələrə verilən diqqətin nümunəsidir. İki dövlət arasında yaradılmış birgə komissiya iqtisadi-ticari əlaqələrin yaradılmasına və gələcəkdə imkanların dəyərləndirilməsinə böyük təkan verəcək”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər