- 9 Oktyabr 21:39
Azərbaycan və İsrail arasında dostluq əlaqələri tarixi köklərə söykənib. Bu əlaqələr inkişaf etdirilərək strateji tərəfdaş dövlətlər səviyyəsinə qaldırılmışdır. İki ölkə arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman, eləcə də müharibə və müharibədən sonrakı dövrlərdə İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmiş və bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etmişdir. Azərbaycanın İsraildən aldığı ən müasir silahlar qələbə qazanmağımızda böyük rol oynamışdır. Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. İsrailin neftə olan tələbatının 30-40 faizini Azərbaycan ödəyir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələrimizi daha yüksək səviyyəyə çatdıracaq.
30 may tarixində İsrail Prezidenti İsxak Hersaqın Azərbaycana səfər etməsi ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük təkan verəcək. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq. Bu sahələrdə Azərbaycan İsrailin qazandığı müsbət nəticələrdən istifadə edəcək.
Müasir dünyada kibertəhlükəsizlik bütün dövlətlər üçün ən əsas məsələ kimi gündəmdədir. Kibertəhlükəsizlik dövlətlərin milli təhlükəsizlik konsepsiyasına çevrilmişdir. Azərbaycan İsrail dövləti ilə bu sahədə də əməkdaşlığa böyük önəm verir.
Müdafiə sənayesi sahəsində də ölkələrimiz arasında əməkdaşlıq inkişaf etdirilir. İsrail dünyada ən müasir silahlara malik ölkələrdən biridir. Bu sahədə əməkdaşlıq Azərbaycanın öz müdafiə və təhlükəsizlik qabiliyyətini müasirləşdirməyə kömək edəcək. İsrail Prezidentinin Azərbaycana səfəri çərçivəsində digər sahələrdə də əməkdaşlıq haqqında sənədlər imzalandı. Prezident cənab İlham Əliyev Azərbaycanla İsrail arasında mövcud əlaqələr və gələcəkdə reallaşdırılacaq birgə layihələr barədə mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Azərbaycan və İsrail dövlətləri arasında mövcud dostluq əlaqələri ilə yanaşı, xalqlarımız arasında da tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı. Yəhudi icması əsrlərdir Azərbaycanda yaşayır, ölkəmizin inkişafı və tərəqqisi üçün bütün sahələrdə uğurla fəaliyyət göstərir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda yəhudi millətinin nümayəndələri də vuruşub və qəhrəmanlıqlar göstəriblər. İsraildə yaşayan azərbaycanlılar da iki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, İsrail dövlətindəki Azərbaycan diasporunun nümayəndələri yəhudi mənşəli insanlardır.
Müasir dünyada İsrail səhiyyəsi dünyada ən inkişaf etmiş sahələrdən biridir. Azərbaycanın Səhiyyə Nazirliyi ilə İsrail dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri arasında əməkdaşlıq haqqında imzalanmış sənəd Azərbaycanın səhiyyə və tibb elminin inkişafına böyük töhfə verəcək.
Kamilə Əliyeva
Milli Məclisin deputatı