Məzmuna keç

“Bu gün məhkəmə, istintaq və təhqiqat orqanları “ictimai nəzarət” adı altında ciddi təzyiq mühitində işləyir”

"Azərbaycanda cinayət təqibi ilə bağlı çox mənfi bir tendensiya müşahidə olunur. Bu gün məhkəmə, istintaq və təhqiqat orqanları “ictimai nəzarət” adı altında ciddi təzyiq mühitində işləyir".

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, ədalətli, obyektiv, hərtərəfli araşdırma aparılması üçüm cinayət təqibini aparan orqan, ədalət mühakiməsini keçirən məhkəmə birmənalı şəkildə bütün qanunsuz təsirlərdən azad olmalıdır.

"Amma bu gün hüquq-mühafizə orqanları prosesual qanunvericilik çərçivəsində bir addım atmamış artıq antimilli dairələrin muzdlu mediası və sosial media seqmenti öz ssenariləri ilə çıxış etməyə başlayır ki, filankəs hakimiyyətin göstərişi ilə tutuldu, filankəs siyasi məhbusdur, yaxud inanclı məhbusdur. Son qoyulmalıdır bu yersiz ritorikaya. Qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərin cinayət təqibi üzərində ictimai mühakimə qurması, cinayət təqibi orqanları üzərində linç kampaniyası yolverilməzidir. Onsuz da cinayət-prosessual qanunvericiliyi ona yönəlib ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. hansı siyasiləşmiş “ictimai nəzarət” işlək qanundan daha effektiv ola bilər Cinayət-Prosesual Məcəlləsinin 25.5-ci maddəsində açıq formada ifadə olunur ki, heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən onların icraatlarında olan işlərlə bağlı izahat tələb etməyə hüququ yoxdur. Biz əgər mövcud qanunvericiliklə, təbliğatla bu mənfi tendensiyanın qarşısını ala bilmiriksə deməli artıq bu sahədə qanunvericiliyin sərtləşdirilməsi labüddür", – deyə deputat qeyd edib.