“Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır”.
Bu sözləri e-huquq.az-a politoloq Yusif Bağırzadə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşü haqqında danışarkən deyib.
O bildirib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün Bakıda keçirilməsi əlamətdar bir hadisədir.
"Ümumiyyətlə Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunur. Azərbaycanın regionun lider dövləti olaraq bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar maraqları nəzərə alınır. Ölkəmiz nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı kimi çıxış edir. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə, məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividentlər gətirmiş oldu. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadıldı", – deyə politoloq bildirib.
Y.Bağırzadə deyib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı sayılan, seçilən və söz sahibi olan bir təşkilata çevrildi: "Azərbaycanın bu təşkilata sədrliyi dövründə biz çox uğurlu layihələrə və təşəbbüslərə imza atdıq. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündəki çıxışında da qeyd etdiyi kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir".
Politoloq qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə qurumun institusional inkişafı ilə bağlı da bir sıra mühüm addımlar atılıb: "Xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır. Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Azərbaycanın sədrliyinin digər prioriteti də ehtiyacı olan ölkələrə yardım göstərməkdən ibarət oldu. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin edib. Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı".
Y.Bağırzadə deyib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və həm üzv ölkələrin, həm də öz qanuni maraqlarını qətiyyətlə qorumağı bacardı. Elə son nazirlər toplantısında da cənab Prezident Azərbaycan həqiqətləri, Qarabağ məsələsi ilə bağlı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mövcud vəziyyətlə bağlı çıxış edərək Ermənistanın yanlış mövqeyini, Zəngəzur koridorunun açılmaması səbəbini, rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində quldur dəstələrinin, erməni qanunsuz silahlı birləşmələrinin təxribatlar törətməsi ilə bağlı məsələləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir. Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur. Bütün bunlar isə regionumuzda sülh və təhlükəsizliyin təmin olunmasının qarşısını alır. Şübhəsiz ki, bu məsələlərin belə bir mühüm toplantıda birbaşa Prezident tərəfindən səsləndirilməsi, xüsusilə indiki zamanda, yəni Azərbaycan və Ermənistan arasında aparılan danışıqların aktiv fazaya qədəm qoyduğu vaxt deyilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu növbəti dəfə dünya ictimaiyyətinin diqqətinin problemə yönəldilməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi haqqında təsəvvürlərin formalaşması baxımından olduqca əhəmiyyətlidir".
Politoloqun sözlərinə görə, Prezidentin çıxışında digər maraq doğuran vacib məsələlərdən biri də beynəlxalq təşkilatlarda islahatların aparılmasının vacibliyi ilə bağlı olub: "Prezident bəyan etdi ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Bununla bağlı Prezident konkret təkliflə də çıxış edərək Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin vacibliyini vurğuladı. Dövlət başçısının da təklif etdiyi kimi BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yerin verilməsi, eləcə də Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələrə BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yerin ayrılması adı çəkilən qurumda ədalətin bərpası baxımından olduqca zəruridir.
Prezident həmçinin dünyadakı neokolonializm meyillərinin artmasına da toxundu və Qoşulmama hərəkatını keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmağa və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməyə səslədi. Prezident açıq şəkildə bəyan etdi ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Prezident öz çıxışında Fransanın işğalçı və müstəmləkəçi siyasətinə son qoyması, zülm verdiyi, işgəncə verdiyi, soyqırım törətdiyi xalqlardan və dövlətlərdən üzr istəməsini və keçmişdə həyata keçirdiyi işlərə görə üzrxahlıq bildirməsinin vacibliyini bildirərək birbaşa Fransaya müraciət etmiş oldu.
Prezident İlham Əliyevin Fransa ilə bağlı məlum tələbləri həm tarixi, həm də siyasi baxımdan tam əsaslıdır. Fransa Avropanın aparıcı dövlətlərindən biri olsa da, öz müstəmləkə keçmişi ilə hesablaşmalıdır. Yəni bütün törətdiyi soyqırımlara görə cavab verməlidir. Həqiqətən də Fransa Əlcəzairdə misli görünməmiş soyqırım həyata keçirib. Fransa 1830-cu ildə Əlcəzairi işğal edib. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün bir assimilyasiya prosesi gerçəkləşdirib. Təkcə II Dünya müharibəsinin sona çatmasından sonra Fransız ordusu havadan və qurudan bölgəyə hücum təşkil edərək bir neçə gün içərisində 45 min əlcəzairlini qətl edib və ardınca da 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridilib. Minlərlə adam mühakimə edilmədən edam olunub. Ümumilikdə təkcə 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirib.
Fransa təkcə Əlcəzairdə soyqırım törətməyib. Fransa Mərkəzi Afrika ölkələrində də soyqırımlara imza atıb. Ruandada yaşanan vəhşət buna əyani sübutdur. Digər tərəfdən, Fransa Cənub-Şərqi Asiya ölkəsi olan Vyetnamda da 1954-cü ilə qədər soyqırım həyata keçirib. Ona görə də, Fransanın öz müstəmləkə keçmişini yenidən təftiş etməsi və törətdiyi soyqırımlara görə üzr istəməsi şərtdir".
Y.Bağırzadə əminliklə vurğulayıb ki, bu toplantıdan və cənab Prezidentin çıxışında səsləndirdiyi fikirlərdən sonra bir çox tərəflər Azərbaycanın gücünü daha yaxşı dərk edəcək və Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda ölkəmizin regionda vermək istədiyi töhfələri düzgün dəyərləndirə biləcəklər.
Şəbnəm Mehdizadə
