Məzmuna keç

“Beynəlxalq Qırmızı Xaç Komitəsi açıq-aşkar ermənipərəst mövqe sərgiləyir” –

"Beynəlxalq Qırmızı Xaç Komitəsi açıq-aşkar ermənipərəst mövqe sərgiləyir və separatçılara dəstək olur".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov BQXK-yə aid avtomobillərdə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində BQXK-yə aid avtomobillərə nəzarət gücləndirilməlidir: “Nə bu təşkilata, nə də rus sülhmərmalılarına etibar etmək olmaz. Onların gediş-gəlişinə qadağa qoyulmalıdır. Maşınların içərisi dəqiqliklə yoxlanılmalıdır ki, görək nə aparıb-gətirirlər, məqsədləri nədir. Artıq Azərbaycan rəsmi qaydada sözügedən hadisə ilə bağlı cinayət işi qaldırıb. Lakin Azərbaycan həm də təşkilatın baş qərargahına nota göndərməlidir. Təşkilatın cinayətkar və separatçılarla əməkdaşlıq fəaliyyətinə son qoyulmalıdır".

E.Məmmədov deyib ki, BQXK humanitar yardım adı altında Qarabağda qanunsuz fəaliyyətlə məşğuldur: “Mən özüm Xocalıdanam. Xocalı 1991-ci ilin noyabrın 1-dən 1992-ci ilin fevralın 25-nə qədər, yəni soyqırımı törədilənə qədər dörd ay tam mühasirədə yaşadı. Bizim də ərzağa, müalicəyə, dərmana – həyati vacib olan hər şeyə ehtiyacımız var idi. Amma özünü insanpərvər göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi bir dəfə də olsun bizə yardıma gəlmədi. İndi sual olunur, onların Azərbaycanda baş verən hadisələrdən məlumatı yox idi? Təbii ki, var idi! Lakin biz Xocalı camaatı həmin təşkilatdan heç bir yardım görmədik.

Ancaq son 7-8 aydır nəyi müşahidə edirik? Bizim ekofaəllarımız Şuşada aksiyaya başlayandan bəri həmin Komitənin 20-30 maşını hər gün Ermənistandan Azərbaycana, yaxud əksinə yollarda “əsir-yesir” oldular. Onlar cinayətkar ermənilərə cürbəcür yardım etməkdən əl çəkmir. Bunun adını da humanitar yardım qoyublar. Lakin onlar humanitar yardımla məşğul deyillər. Onlar erməni mafiyasının pulunun hesabına, öz şəxsi mənafeləri naminə qaçaqmalçılıqla, cinayətkarlıqla, silah-sursat daşımaqla məşğuldurlar. Cinayətkar erməniləri, separatçıları Xankəndidən Ermənistana, Ermənistandan Xankəndiyə daşıyan qurum humanitar yardım göstərmir. Ona görə də təklif edirəm ki, bu təşkilatın adını dəyişib “Beynəlxalq Erməni Qırmızı Xaç Komitəsi” edək. Çünki onlar ermənipərəst mövqe sərgiləyərək terrorçulara, işğalçılara yardım etməklə məşğuldur”.

Qeyd edək ki, Ermənistan ilə dövlət sərhədində Laçın buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildirilib ki, ötən müddət ərzində DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Şəbnəm Mehdizadə