Məzmuna keç

Politoloq: “Tovuz döyüşləri Ordumuzun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb”

"2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşləri Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsinə aparan yolda ən mühüm mərhələlərdəndir. Belə ki, Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi".

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləri də qızıl hərflərlə yazılıb.

"Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq üç il ötür. Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Tovuz döyüşlərində Ordumuzun əsgər və yüksək rütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu böyük izdihamla son mənzilə yola saldı. Onların qanları yerdə qalmadı, qisasları alındı", – deyə politoloq qeyd edib.

Y.Bağırzadənin sözlərinə görə, Tovuz döyüşləri həm də ölkəmizdə xalq və Prezident, xalq və Ordu birliyinin yenidən təcəssümünə çevrilib: "Həmin günlər hər kəs ayaqda idi. Hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması hamıda döyüşkənlik əhval-ruhiyyəsi yaratdı. Düşmən onu da gördü ki, Azərbaycan Ordusunun generalları və zabitləri öz əsgərləri ilə çiyin-çiyinə döyüşür, onları ruhlandırır və şəxsi nümunə göstərirlər. Əsgər valideynləri fəxr edirdilər ki, onların övladları Vətən, torpaq uğrunda döyüşür, düşməndən şəhidlərimizin qisasını alırlar".

Politoloq vurğulayıb ki, Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərdi: "Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvünün ölkəmizin haqlı mövqeyini dəstəkləməsindən sonra Türkiyə, Pakistan, Ukrayna və hətta İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, eyni zamanda, ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistan cəmiyyətində ciddi xaos hiss olunmağa başladı. Bu bir daha göstərdi ki, Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib".

Şəbnəm Mehdizadə