“Prezident Forumdakı çıxışında Azərbaycanın mövqeyini növbəti dəfə dəqiqliklə ifadə etmiş oldu”.
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu haqqında danışarkən deyib.
O bildirib ki, Şuşada Qlobal Media Forumunun keçirilməsi və bu forumda Prezident İlham Əliyevin iştirakı böyük əhəmiyyətə malikdir. Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılmasından ibarət idi və buna da tam mənasında nail olundu.
“Bu günə kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, informasiya-kommunikasiya sahəsində fəaliyyət göstərən nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı. 9 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun, həmçinin 60 yerli media rəhbəri və nümayəndələrin təmsil olunduğu Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunda cənab Prezidentin üç saata yaxın vaxt ərzində çoxlu sayda jurnalistin və media subyekti rəhbərlərinin suallarını cavablandırması ölkəmizdə media sahəsində islahatların istiqamətlərini müəyyən etməklə yanaşı həm də bir çox məsələlərlə bağlı dövlətimizin mövqeyini birinci şəxsdən eşitmək imkanı yaratdı. Prezident çıxışında ölkəmizin son 30 ildə keçdiyi ağır dövrlərin qısa xarakteristikasını, Ermənistanın apardığı işğal siyasətini, müharibədən sonra ölkəmizin yaratmış olduğu yeni reallıqları, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövcud vəziyyəti, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işləri, eləcə də ölkəmizdə əldə olunmuş və möhkəm əsaslara söykənən sabitliyin geniş mənzərəsini nümayiş etdirmiş oldu”, – deyə politoloq qeyd edib.
Y.Bağırzadənin sözlərinə görə, Prezident öz çıxışında ölkəmizin müxtəlif məsələlərə dair mövqeyini növbəti dəfə çox dəqiqliklə ifadə edərək konkret ünvanlara mesajlar da vermiş oldu: “Müharibədən sonra Ermənistanla müxtəlif platformalarda aparılan danışıqlara toxunan ölkə başçısı hazırda danışıqlar prosesində Azərbaycan və Ermənistanla yanaşı üç beynəlxalq tərəfin – ABŞ, Rusiya və Avropa İttifaqının da iştirak etməsinə toxunaraq ölkəmizin hər üç istiqamət üzrə danışıqlarda səmimiyyətlə iştirak etməsinə və nəticəyönümlü yanaşma ortaya qoymasına baxmayaraq hələ ki real nəticənin ortada olmamasını vurğuladı. Bu bəyanat danışıqlarda iştirak edən tərəflərin öz səylərini daha da artırmasının vacibliyi baxımdan olduqca əhəmiyyətlidir. Prezident bununla növbəti dəfə Azərbaycanın daha 30 il ərzində boş-boş danışıqlara vaxt sərf etmək niyyətində olmadığının mesajını vermiş oldu. Prezident İlham Əliyev çıxışında, həmçinin iki xalq arasında hansı halda barışığın olacağı ilə bağlı da konkret mesajlar verdi. Prezident bəyan etdi ki, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətdən dərs çıxarmalı, günahlarını və Azərbaycan insanına qarşı etdikləri cinayətlərini etiraf etməli və cinayətkarların məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımlar atmalıdırlar. Prezident bu məsələdə tamamilə haqlı olaraq Ermənistanda əli Azərbaycan xalqının qanına batmış adamların hələ də ölkənin ictimai-siyasi həyatında gözə dəydiyini vurğuladı”.
Politoloq deyib ki, Prezident çıxışında ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən aparılan “ikili standartlar” siyasətini də tənqid edərək BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarları, hətta Avropa Parlamentinin, – baxmayaraq ki, hazırda kifayət qədər ermənipərəst mövqedədir, onun da qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən icra olunmamasına baxmayaraq zamanında bu ölkəyə qarşı hər hansı sanksiyanın qəbul edilmədiyini bildirdi: “Həqiqətən də məhz beynəlxaq təşkilatların zamanında ikili standartlardan çıxış edərək təcavüzkar ölkə ilə bağlı konkret addımlar atmaması onların daha da şirniklənməsinə və son nəticədə İkinci Qarabağ savaşına gətirib çıxardı. İndi də şəhərlərimizin talan olunması, darmadağın edilməsi, günahsız insanımızın qətlə yetirilməsinin, erməni terrorunun faktlarla sübut olunmasına baxmayaraq bu cinayətləri törədənlərin cəzasız qalması yolverilməzdir və cənab Prezidentin də öz çıxışında bu məsələyə xüsusi olaraq toxunması həqiqətlərin növbəti dəfə dünya ictmaiyyətinin diqqətinə çatdırılması baxımından olduqca önəmli idi. Cinayətkarların beynəlxalq hüquq qarşısında layiq olduqları cəzanı almaları şərtdir. Prezident çıxışında Qarabağ erməniləri ilə birbaşa dialoq məsələsinə də toxundu və bildirdi ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin olunub. İlk görüşün Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında olduğunu deyən ölkə başçısı Qarabağ ermənilərinin nümayəndələrinin dialoqu davam etdirmək üçün Bakıya dəvət olunmasına baxmayaraq onların bundan iki dəfə imtina etdiyini və üçüncü dəvətin olmayacağını bildirdi. Prezident bununla faktiki olaraq separatçı rejimin nazı ilə oynamaq fikrində olmadığımızı açıq şəkildə hər kəsin diqqətinə çatdırmış oldu. Həqiqətən də Azərbaycan tərəfi xoş məram nümayiş etdirərək artıq öz dəvətini edib və indi söz məhz Qarabağ ermənilərinin nümayəndələrindədir. Onlar ya Azərbaycanın xoş niyyətinə qarşılıq verməlidirlər ya da imtinanın ağır nəticələri ilə barışmalıdırlar. Prezidentin üçüncü dəvət olmayacaq bəyanatı həm də danışıqlar prosesində Azərbaycanın Qarabağ erməniləri ilə birbaşa dialoq aparmasının vacibliyini deyən beynəlxaq vasitəçilər üçün də mesajdır. Yəni bununla Prezident həm də onların üzərinə məsuliyyət qoyur və onlardan konkret addımlar gözləyir”.
Y.Bağırzadə bildirib ki, Prezident çıxışında vasitəçilərlə bağlı digər bir vacib məqama da toxunaraq müxtəlif platformada aparılan danışıqların Minsk Qrupu ilə fərqini də qeyd etdi: “O bildirdi ki, Minsk qrupu ilə bu formatların fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün Fransa artıq prosesdə yoxdur. Avropa İttifaqı isə rəsmi vasitəçi deyil. Amma müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan yaradan platformadır. Bu açıqlama əslində birbaşa Fransaya ünvanlanmışdı desəm yəqin ki səhv etmərəm. Fransanın danışıqlar prosesində neytral vasitəçi olaraq deyil məhz Ermənistan mövqeyindən çıxış etdiyi məlumdur və Prezident də bu bəyanatı ilə Fransaya danışıqlar prosesində söz sahibi olmayacağının mesajını vermiş oldu. Prezident növbəti dəfə açıq şəkildə bəyan etdi ki, Minsk qrupunun yenidən canlandırılması qəbuledilməzdir və Azərbaycan buna heç bir halda razı olmayacaq.
Prezident həmçinin 10 noyabr 2020-ci il Bəyannaməsinin iki müddəasının hələ də həllini tapmamasına da toxundu. Erməni silahlı qüvvələrinin qalıqlarının Qarabağdan hələ də çıxmaması və Naxçıvana çıxış təmin edilməməməsini qeyd edən ölkə başçısı “Azərbaycan ordusu indi əvvəlkindən daha güclüdür” deməklə faktiki olaraq bizim erməni silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarmağa da Naxçıvana çıxışı təmin etməyə də gücümüz var mesajını vermiş oldu.
Prezident danışıqlar prosesində mütəmadi olaraq qeyd olunan erməni azlığının hüquq və təhlükəsizlik məsələsinə də toxundu. Ölkə başçısı bəyan etdi ki, biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq. Yəni başqa sözlə desək Prezident bununla erməni azlığı üçün hansısa hüquq və təhlükəsizlik tələb edən qüvvələrə də bəyan etmiş oldu ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Bundan başqa hansısa xüsusi hüquqdan söhbət belə gedə bilməz”.
Şəbnəm Mehdizadə
