“Prezident İlham Əliyev Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə vasitəçi qismində çıxış edən bütün tərəflərə mesaj vermiş oldu”.
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif deyib.
O bildirib ki, Prezident İlham Əliyev müsahibədə Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə son vəziyyət və perspektivlərlə bağlı sualları cavablandırmaqla yanaşı, bir sıra digər mühüm siyasi proseslərlə bağlı da mövqeyini açıqlayıb.
“Cənab Prezidentin digər müsahibələrində olduğu kimi, bu müsahibə də konkret tərəflərə ünvanlanmış mesajlarla zəngin oldu. İlk olaraq 2020-ci il 10 noyabr bəyanatına toxunan ölkə başçısı həmin sənədin sülh razılaşması deyil, məhz kapitulyasiya aktı olduğunu xatırladaraq ölkəmizin yekun sülh həlli üçün konkret təşəbbüslərlə çıxış etdiyini bildirdi. Həqiqətən də sülh sazişinin prinsiplərini müəyyən edən və bu prinsipləri irəli sürərəkən beynəlxalq hüququn prinsiplərindən çıxış edən tərəf məhz elə Azərbaycan olub. Ölkəmiz 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün dayanmadan səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu gün də sülhə əngəl olan məhz Ermənistandır. 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq məhz bizim sülh təklifi ilə çıxış etməyimizin beynəlxalq ictimaiyyət tərəfindən də bilinməsi olduqca vacibdir. Cənab Prezident də hər imkanda bu həqiqətləri çatdırmaqla bizim haqlı mövqeyimizi nümayiş etdirmiş olur”, – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri də aparılan danışıqlar və vasitəçilərlə bağlı olub: “Xüsusilə də Avropa İttifaqı vasitəçiliyi ilə aparılan danışıqlara toxunan ölkə başçısı bildirdi ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Qeyd edim ki, Avropa İttifaqının ədalətli vasitəçi olmasına olan ümidlər bu birliyin regionda sabitlikdə maraqlı olmasından irəli gəlir. Qurum bölgə ölkələrinin dayanıqlı inkişafında maraqlıdır. Avropa İttifaqı yaxşı başa düşür ki, sülh olmadan dayanıqlı inkişafı təmin etmək faktiki olaraq mümkün deyil. Təbii ki, burada Avropa İttifaqının özünün iqtisadi maraqları da vacib rol oynayır. Bölgədə sabitliyə nail olmaq yeni qlobal əhəmiyyətli layihələrin icrası üçün əsas şərtdir. Odur ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının tezləşməsinə çalışır. Çünki sülh sazişi nə qədər tez imzalanarsa, bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, Avropa İttifaqının özü üçün də bölgədə yeni imkanlar aça bilər.
Ümumiyyətlə isə bizim üçün vasitəçinin kim olmasından asılı olmayaraq yekun nəticə vacibdir. Elə prezident də bu məqama toxunaraq “Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Biz sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyik” deməklə faktiki olaraq vasitəçi qismində çıxış edən bütün tərəflərə mesaj vermiş oldu. Bununla ölkə başçısı faktiki olaraq vasitəçilik missiyasını inhisara götürməyə çalışan və bununla bağlı bir-biri ilə mübarizə aparan tərəflərə çatdırmış oldu ki, əsas olan Azərbaycanın mövqeyidir və biz yalnız ədalətli sülh sazişi ilə nəticələnən təşəbbüsləri dəstəkləyəcəyik”.
Y.Bağırzadə bildirib ki, müsahibədə daha bir vacib məqam Azərbaycan-Rusiya əlaqələri ilə bağlı idi: “Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın Rusiyaya yanaşması ilk növbədə özünün milli maraqlarına söykənir. Yəni, başqa sözlə desək, Prezident hər kəsə bildirmiş oldu ki, biz dövlət olaraq hər hansı bir kampaniyaya qoşularaq kiminsə əleyhinə və ya leyhinə siyasət yeritməyəcəyik, ikitərəfli əlaqələrdə olduğu kimi çoxtərəfli əlaqələrdə də balansa üstünlük verəcəyik. Bu balans isə yalnız Azərbaycan olaraq bizim maraqlarımıza və aparılan müstəqil siyasətə dayanır”.
Politoloq deyib ki, müsahibədə ölkə başçısı tərəfindən Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış ajiotaja da aydınlıq gətirilib: “Ermənistanla olan sərhəddə sərbəst hərəkət üçün normal şəraitin yaradıldığını, lakin buna baxmayaraq hətta qaçaqmalçılıqla müşaiyət olunan Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərinin aşkar olunduğunu qeyd edən Prezident İlham Əliyev sərhəd-keçid məntəqəsinin qurulmasını Azərbaycanın legitim hüququ olduğunu diqqətə çatdırdı. Cənab İlham Əliyev bu hüququn heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmədiyini də dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu. Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən yalnış şərh olunduğu və bununla bağlı manipulyasiyalar edildiyi bir dövrdə bu həqiqətlərin çatdırılması olduqca vacib idi. Ölkənin birinci şəxsinin dilindən konkret rəqəmlərin səslənməsi erməni yalanını və blokada ilə bağlı hay-küy salan tərəflərin beynəlxaq birliyi çaşdırmağa yönəlik fəaliyyətlərini ifşa etmək baxımından önəmli oldu. Həqiqətən də, əgər aprel ayının 23-dən, yəni sərhəd keçid məntəqəsinin qoyulduğu vaxtdan etibarən həmin yoldan 2 mindən artıq Qarabağ sakini Ermənistana heç bir maneə olmadan, asan şəkildə gedib-gəlibsə, o zaman hər hansı blokadadan danışmaq olduqca gülüncdür.
Vacib məqamlardan biri də, sözsüz ki, Qırmızı Xaç Komitəsinin fəaliyyəti ilə bağlıdır. Cənab Prezident çox açıq şəkildə və konkret faktlarla Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri haqqında həqiqətləri hər kəsin diqqətinə çatdırmış oldu”.
Y.Bağırzadə qeyd edib ki, Prezident müsahibədə, həmçinin həm Ermənistanda yaşayan ermənilərə, həm də Qarabağ ermənilərinə də mesajlar verib: “Bu mesajları konkret xəbərdarlıq kimi də qiymətləndirmək olar. “Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcək. Onlar ya digər milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər” deyən ölkə başçısı bununla erməni əhalini həqiqətləri qəbul etməyə və manipulyasiyaların girovundan qurtulmağa çağırmış oldu. Həqiqətən də, erməni əhalinin bu həqiqətləri qəbul etməsi və ayrı-ayrı separatçı liderlərin yalanlarına uymaması ilk növbədə onların özü üçün vacibdir. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.
Prezidentin Ermənistan ictimaiyyətinə xitabən verdiyi mesajlar da çox önəmli idi. "Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır" bəyanatı bir daha Azərbaycanın sülhməramlı mövqeyinin ifadəsi oldu. Bu bəyanat həm də sülh təşəbbüslərinə qarşı çıxmağın Ermənistan üçün acı nəticələr doğura biləcəyi ilə bağlı konkret xəbərdarlıq idi. Prezidentin də dediyi kimi əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Başqa sözlə desək Ermənistan hökumətinin iki seçimi var. Yəni, Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır”.
Şəbnəm Mehdizadə
