Məzmuna keç

“Fransa Senatının qətnaməsi Azərbaycana qarşı qərəzli siyasətin davamıdır”

Fransa Senatı yanvarın 17-də “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünün pislənməsi və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması” barədə Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Qətnaməyə əsasən, Fransa ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirlərini pisləyərək “humanitar faciə və əsl etnik təmizləmə” adlandırır, Ermənistana hərbi dəstək verməyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edir.

Əslində qəbul edilmiş bu qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur.

Reallıq isə ondan ibarətdir ki,

– BMT qətnamələrinə baxmayaraq, Azərbaycan ərziləri 30 il işğalda qalıb,

– Azərbaycan beynəlxalq hüquqla, hətta Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz suverenliyini bərpa edib,

– Ermənistan 30 il ərzində Azərbaycana qarşı beynəlxalq hüququn bütün norma və prinsiplərini aşkar surətdə və qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayətlər törədib,

– Xalqımıza qarşı beynəlxalq cinayət hüququ və Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri ( təcavüz, genosid, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s) törədilib və bunlara görə heç bir hüquqi məsuliyyətə cəlb edilməyib,

– Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarızın 20%-i ermənilər tərəfindən 30 il işğalda saxlanılıb, çoxlu sayda terror əməlləri törədilib və azərbaycanlılar soyqırıma məruz qalıb,

– Azərbaycan tarixinin heç bir dövründə heç bir etnik qrupa qarşı etnik təmizləmə həyata keçirməyib, əsl etnik təmizləmə 1987-1991-ci illərdə Ermənistan ərzisindən 250 mindən çox azərbaycalı deportasiya edilərkən ermənilər tərəfindən həyata keçirilib,

Fransa Senatının qəbul etdiyi sonuncu qətnamə Fransanın Azərbaycana qarşı olan ardıcıl qərəzli siyasətinin davamıdır. Qəbul edilən qətnamə Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarının əleyhinə, Cənubi Qafqazın sabitliyinə və daha yaxşı gələcəyinə qarşı yönəlib.

Görünən odur ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Fransanın maraqlarına uyğun gəlmir.

Hesab edirəm ki, Azərbaycan bölgədəki maraqları, Ermənistanla münasibətlər və sülh gündəliyi ilə bağlı mövqelərində güzəştsiz olmalıdır. Kimliyindən aslı olmayaraq adekvat reaksiya göstərməlidir. Bu baxımdan Azərbaycan Parlamentinin Fransa ilə bağlı qəbul etdiyi bəyanat kifayət qədər adekvat və yerində oldu.

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü