- 13 İyun 19:25
Gəncə rayon sakini Natiq Əliyev Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
O, e-huquq.az-a müraciətində bildirib ki, məhkəməyə müraciət etməsinə səbəb pensiyasının düzgün təyin edilməməsidir.
"Mən 2006-2007-ci illərdə fərdi sahibkar olaraq fəaliyyət göstərmişəm. Həmin illərdə olan Məcburi Dövlət Sosial Sığorta (MDSS) ödənişlərini DSMF-nin Gəncə rayon şöbəsinə ödəmişəm. DSMF-nin Gəncə rayon şöbəsi vətəndaşdan ödənişləri qəbul etdiyinə dair qəbzlər təqdim edib. 2023-cü ildə mənim pensiya hüququm yaranıb. Lakin mənə əmək pensiyası yox, sosial müavinət təyin edilib. Bir neçə dəfə DSMF-yə müraciət etmişəm. 25 il sığorta stajım olduğunu və bu əsasla əmək pensiyası almaq hüququna malik olduğumu bildirmişəm. Amma DSMF deyir ki, sığorta ödənişləri sistemdə görünmür. Buna görə də mənə əmək pensiyası verilməsindən imtina ediblər. İmtina cavabında əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, 01 yanvar 2019-cu ildən etibarən məcburi dövlət sosial sığortasının hesablanması və ödənilməsinə İqtisadiyyat Nazirliyi cavabdehdir. Təxminən iki ay əvvəl DSMF-yə ərizə ilə müraciət etdim və həmin ərizəyə notariat qaydada təsdiqlənmiş sənədləri, o cümlədən DSMF-nin Gəncə rayon şöbəsi tərəfindən 2006-2007-ci illərdə təqdim edilmiş qəbzlərin də surətlərini əlavə etdim. Bütün bu sənədlərin təqdim olunmasına baxmayaraq, 25 aprel 2025-ci il tarixində məsələ araşdırılmadan və nəzərə alınmadan şablon cavab verildi. Digər dövlət qurumlarının məcburi dövlət sosial sığorta (MDSS) ödənişlərini vaxtında yerinə yetirib-yetirmədiyinə nəzarət etmək DSMF-nin vəzifəsidir. Ancaq aydın deyil ki, necə olur ki, DSMF-nin öz strukturuna daxil olan Gəncə rayon şöbəsi tərəfindən ödənilən məbləğlər sistemə daxil edilməyib. Mən məsələ ilə bağlı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. İş hazırda hakim Ruhiyyə Tağıyevanın icraatındadır. Ümid edirəm ki, məhkəmə inzibati orqanın bu qanunsuz davranışına son qoyacaq və sosial müavinətin ləğv edilib, əmək pensiyasının bu hüququn yarandığı tarixdən etibarən təyin olunması barədə qərar qəbul edəcək. Beləliklə, inzibati orqana bu öhdəliyin yerinə yetirilməsi tapşırılacaq", - deyə N.Əliyev bildirib.
Məsələ ilə bağlı hüquqşünas Rahim Abıyev deyib ki, vətəndaşın əlində olan qəbzlər məcburi dövlət sosial sığorta haqqının DSMF-nin Gəncə rayon şöbəsinə ödədiyini göstərir. "İnzibati orqanın vətəndaşın təqdim etdiyi qəbzlərin həqiqiliyinə dair şübhəsi varsa, bu zaman araşdırmaq vəzifəsi idi. Məcburi dövlət sosial sığorta haqlarına nəzarət funksiyasına gəlincə, onu qeyd edim ki, 2019-cu ilə kimi bu ödənişlərə nəzarət funksiyasını yerinə yetirən orqan DSMF idi, 2019-cu il tarixindən sonra isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. Həmin illərə aid olan məcburi dövlət sosial sığorta ödənişlərinə nəzarət funksiyasını DSMF həyata keçirib. Digər tərəfdən də bu ödənişləri qəbul edən qurum elə DSMF-nin şöbəsidir. Həmin məbləğlərin sistemə işlənilməməsini həyata keçirən isə DSMF-nin tabeçiliyində olan şöbədir. 2006-2007-ci illərdə məcburi dövlət sosial sığorta ödənişi etdiyi üçün vətəndaşın stajına 25 il sığorta stajı əlavə edilməklə sosial pensiya deyil, əmək pensiyası təyin edilməlidir ("Əmək pensiyaları haqqında" Qanunun 7 və 22-1 əsasən). Əlavə olaraq bildirim ki, oxşar işlərlə bağlı Ali Məhkəməsinin İnzibati Kollegiyasının kifayət qədər qərarları mövcuddur. İnzibati orqan həmin qərarlara baxaraq öz yalnışlarını düzəltmələrini məsləhət görərdim. Son olaraq qeyd edim ki, "İnzibati icraat haqqında" Qanununun 11.1-ci maddəsinin tələbinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar".
Şəbnəm Mehdizadə