"Onun ağzını tutaraq yerə yıxdı, sonra bıçaq çıxardı" - Bakıda gecəyarısı evə basqın


  • 12:14

Bakıda quldurluq etməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahid kimi dəvət olunan Gülnarə Məhərrəmovaməhkəmədə iştirak etməyib və onun yazılı ifadəsi məhkəmədə səsləndirilib.

“Gecə 2-də Solmaz Mirzəyeva mənə zəng edərək evə tanımadığı adamın daxil olduğunu bildirdi. Həmin şəxsin əlində bıçaq olduğunu və təhdid edərək ondan qızılları tələb etdiyini dedi. Solmazın yanına gələndə çox həyəcanlı idi. Evinə daxil olan şəxsin əvvəlcə onun ağzını tutaraq yerə yıxdığını daha sonra isə əlinə bıçaq aldığını bildirib. Solmaz qorxduğu üçün pulları və qızılları ona verib”, - ifadədə qeyd olunub.

Daha sonra zərərçəkmiş tərəf vəsatətlə çıxış edərək Südabə Vəliyevanın istintaqa cəlb olunmasını istəyib .

Təqsirləndirilən şəxs vəsatətlə çıxış edərək yekun qərarın qəbul olunmasının tezləşdirilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 16 iyul tarixinə təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 14-də gecə saatlarında baş verib.

Təqsirləndirilən Cavidan Əhmədliyə Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər