- 13:08
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirəcək.
DİM-dən e-huquq.az-a bildirilib ki, imtahan vermək üçün 1286 namizəd qeydiyyatdan keçib. Onlardan 990 nəfəri Azərbaycan, 296 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 533 nəfəri oğlan, 753 nəfəri qızdır. 185 nəfər cari ilin, 535 nəfər əvvəlki illərin məzunudur. 566 nəfər isə növbəti illərdə məzun olacaq. 11 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Saat 10:00-da başlanacaq imtahan 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- imtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir.
Bu imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.