- 13 Avqust 20:41
Azərbaycanda ictimai nəqliyyatda qadın sürücülərin sayını artırmaq məqsədilə yeni təşəbbüsə start verilib. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qadın sürücülərin hazırlanması üçün xüsusi təlim proqramı həyata keçirilir.
Məsələ ilə bağlı e-huquq.az-a danışan nəqliyyat üzrə ekspert Rövşən Həsənov bu təşəbbüsü müsbət qiymətləndirib.
“Əgər qadınlar cəmiyyətin müxtəlif sahələrində bir çox peşələrdə çalışırlarsa, niyə də sürücü olmasınlar? Xanımlar şəxsi avtomobillərini problemsiz idarə edə bilirlərsə, bu bacarıqlarını peşəkar səviyyədə də tətbiq etmələri tamamilə mümkündür”, - deyə ekspert bildirib.
R.Həsənov qeyd edib ki, hazırda Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan peşəkar qadın sürücülər mövcuddur. O, həmçinin vurğulayıb ki, sovet dövründə də qadınlar tramvay və trolleybus sürücüləri kimi fəaliyyət göstəriblər.
“Qadınlar və kişilər bərabər hüquqlara malikdirlər. Mən düşünürəm ki, qadınların ictimai nəqliyyatda sürücü kimi işləməsi heç bir problem yaratmayacaq. Hətta idarəetmədə səliqə, səbir və təmkin kimi keyfiyyətlərə daha çox qadınların malik olduğunu demək olar”, - deyə o əlavə edib.
Ekspert həmçinin qeyd edib ki, cəmiyyətin bu məsələyə münasibəti zamanla dəyişir: “Bir vaxtlar qadınların şalvar geyinməsi belə qınaqla qarşılanırdı. Lakin indi bu, tamamilə normal qəbul olunur. Əvvəllər qadının sükan arxasında əyləşməsi qəribə qarşılanırdısa, indi bir çox ailələr həyat yoldaşlarına avtomobil alır ki, ailə işlərini birgə həyata keçirə bilsinlər. Öz avtomobilini rahatlıqla idarə edən qadınların ictimai nəqliyyatı da peşəkarcasına idarə etməsi mümkündür”.
Humay Eminqızı