13-cü mərtəbədəki mənzil problem yaradır - Sakinlər məhkəmə qərarından şikayətçidir


  • 20:02

Azərbaycan Respublikası Ali Məhkəməsinin son qərarlarından biri Bakı şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının sakinlərində ciddi narazılıq yaradıb.

E-huquq.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzilin təyinatına zidd istifadəsi ilə bağlı bina sakinlərinin vəkili Rahim Əlizadə Bakuplus.az-a müraciət edərək Ali Məhkəmənin verdiyi qərardan şikayət etdiklərini bildirib.

Söhbət yaşayış binasının 13-cü mərtəbəsində yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsindən gedir. Halbuki binanın təsdiq edilmiş layihəsinə əsasən yalnız ilk üç mərtəbə qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulub. Buna baxmayaraq, sözügedən mənzildə marketinq, konsaltinq və digər kommersiya fəaliyyətləri həyata keçirilir. Gündəlik 20–30 nəfərədək işçi və ziyarətçinin binaya daxil olması sakinlərin rahat və təhlükəsiz yaşayışına mane olur. Yerli icra hakimiyyəti orqanının keçirdiyi baxış zamanı mənzilin faktiki olaraq qeyri-yaşayış məqsədilə istifadə edildiyi təsdiqlənsə də, fəaliyyət davam etdirilib.

Məsələ məhkəmə müstəvisinə çıxarılsa da, Nəsimi Rayon Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə mənzilin qeyri-yaşayış məqsədli istifadəsinin dayandırılmasına qərar verib. Lakin Ali Məhkəmə kassasiya instansiyasında bu qərarı ləğv edərək iddianı rədd edib.

Ali Məhkəmə 2(102)-3159/2025 saylı, 06.11.2025-ci il tarixli qərarında (hakim E.Şamayevin sədrliyi ilə, hakimlər Ə.Xıdırov və E.Vəliyevadan ibarət tərkibdə) mənzilin təyinatına zidd istifadə edildiyini inkar etməsə də, bunun bina sakinlərinin hüquqlarını pozmadığını bildirib. Vəkilin sözlərinə görə, bu mövqe Mənzil Məcəlləsinin imperativ normaları ilə ziddiyyət təşkil edir və gələcəkdə yaşayış sahələrinin kommersiya məqsədləri üçün istifadəsinə dair təhlükəli predment yarada bilər.

Məsələ ilə bağlı bina sakinləri Ali Məhkəmənin qərarının Konstitusiyaya və mənzil qanunvericiliyinə uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə müraciət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən yaşayış təyinatlı binalar və həmin binalarda yerləşən mənzillər insanların daimi yaşayışı üçün nəzərdə tutulur və bu təyinatdan kənar istifadə yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada mümkündür. Belə ki, Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Qeyd olunan Məcəllənin 20.3-cü maddəsinə əsasən isə çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Oxşar xəbərlər