- 18 Yanvar 17:37
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
E-huquq.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.
Qeyd olunanlar nəzərə alınaraq Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı "Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması" tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.
Bildirilib ki, layihənin qəbulu ölkədə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.