- 12 Mart 12:24
Keçən il Azərbaycanda müavinət alan keçmiş məcburi köçkünlərin sayı 21,1 min nəfər azalıb.
E-huquq.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub.
Hesabata əsasən, 2025-ci il ərzində azad olunmuş ərazilərə köçürülmüş sakinlər də daxil olmaqla cəmi 4 370 məcburi köçkün ailəsi (17546 nəfər) mənzillə təmin olunub.
Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 301,3 mln. manat vəsait yönəldilib.
Hesabat dövrünün sonuna vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 387,3 min nəfər təşkil edib. İl ərzində məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı 21,1 min nəfər azalıb.
Hesabata görə, Azərbaycanda ictimai və inzibati binalarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istifadə edilən içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə il ərzində dövlət büdcəsindən ümumilikdə 18 milyon 300 manat vəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb.