Son günlərdə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında artım müşahidə olunur. Bu da cəmiyyət arasında narahatlığa səbəb olur. Əhali arasında koronavirus xəstələrinin sayının artması ilə xəstəxanalarda yer olmaması barədə məlumatlar da yayılır. Bir çoxları Bakı sakini olan yaxınlarının COVID-19 testi pozitiv çıxdığı təqdirdə Bakı şəhərində deyil, rayonlardakı xəstəxanalardan birinə yerləşdirilməsindən narahat olur və bunu Bakıda xəstəxanalarda artıq yer olmaması ilə əsaslandırır.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva e-huquq.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, koronavirus xəstələrinin xəstəxanalara yerləşdirilməsi ilə bağlı heç bir problem yoxdur.
"Düzdür, yoluxma sayı artır. Lakin virusa yoluxmuş şəxslər ağırlıq dərəcəsindən asılı olaraq, xəstəxanalara yerləşdirlir. Bilirsiniz ki, modul tipli xəstəxanalar fəaliyyət göstərir, buna görə də xəstəxanalarda yer olmaması kimi bir problemimiz yoxdur", – deyə TƏBİB rəsmisi qeyd edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 5 948 nəfəri müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 588 nəfərdir. Xəstələrdən 133 nəfəri reanimasiyadadır ki, onlardan da 29-u süni tənəffüs cihazına qoşulub.
