Məlum olduğu kimi, bu ilin sentyabr ayının 27-dən etibarən işğalçı Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş yeni təxribatlar həyata keçirilib.
Buna qarşı da Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü qorumaq məqsədilə Müzəffər Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başladılmışdı. 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşıb. Bu günlər ərzində biz də “AZGRANATA” MMC olaraq bütün vətəndaşlarımız kimi, daim ordumuzun yanında olduq. Tərəfdaş şirkətlər və qurumlarla birgə ordumuza mənəvi dayaq durduq.
Gənclər və İdman Nazirliyinin, bir çox idman federasiyalarının, eləcə də, BrendSport.az saytının təsisçisi Dönməz Abbasov və saytın baş redaktoru Bəhruz Səmədovun təşkilatçılığı "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyası çərçivəsində bir sıra mətbuat və şirkət nümayəndələri “N” saylı hərbi hissələrə gedərək ordumuza dəstək nümayiş etdiriblər.
Bu şirkətlər sırasında “AZGRANATA” şirkəti də olmuşdur. Şirkətin İdarə Heyətinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyevin də iştirak etdiyi səfər günü Qarabağımızın ürəyi sayılan gözəl Şuşamızın işğaldan azad olunması ilə eyni günə təsadüf etdi. Bu möhətəşəm qələbə sevincini əsgərlərimizlə birlikdə yaşamaq bizə də qismət oldu.
Görüşdən yüksək əhval-ruhiyyə ilə qayıdan təşkilatçılar bu cür səfərlərin bundan sonra da təşkil olunması barədə qərar qəbul ediblər.
Qeyd edək ki, ölkəmizin tarixinə qızıl hərflərlə yazılan bu 44 günlük haqq savaşında “AZGRANATA” MMC həm Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb, həm də hərbi hissələrə sovqat apararaq ordumuzun yanında olduğunu göstərib.
Bildiyiniz kimi, “AZGRANATA” MMC-nin Ağsu rayonunda 14 hektar sahəni əhatə edən şirə və şərab emalı zavodu, 2011-ci ilin oktyabr ayının 30-u tarixində möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb. Zavod Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Hazırda zavodda meyvə şirəsi, konsentrat, kompot, limonad, mürəbbə, üzüm yarpağı, narşərab, nar tumu və abqora ilə yanaşı bir neçə çeşiddə şərablar, likyor şərabları, oynaq şərablar, meyvə araqları, vodka, konyak, viski, rakı məhsulları istehsal edir.
Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub.
“AZGRANATA” MMC-nin 4 hektar tut, 15 hektar albalı, 500 hektar üzüm və 350 hektar nar bağları var. Nar bağı orqanikdir və Almaniyanın KİWA GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb.
Şirkətin məhsulları dünyanın 30-a yaxın ölkəsinə ixrac edilir.
Ülvi Günəşli
"AZGRANATA" MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri
