Məlum olduğu kimi, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Hazırda insanları düşündürən suallardan biri də həmin yardımın nə zaman ödəniləcəyi ilə bağlıdır.
E-huquq.az məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla əlaqə saxlayıb. F.Talıbov e-huquq.az-a açıqlamasında bunun Nazirlər Kabinetinin müvafiq qərarından sonra məlum olacağını deyib. Qərarın isə nə zaman veriləcəyi məlum deyil.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar verib.
Sevgül Qasımzadə
