Məzmuna keç

Bakıda həyətində 40 it saxlayan qadın məhkəmənin qərarından narazıdır –

Bura Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Dənizkənarı küçəsidir. Müsahibimiz 40-dan çox sahibsiz və yaralı heyvana yardım edən Simakina Yelena Vladimirovnadır. O e-huquq.az-ın redaksiyasına müraciət edərək qonşularının şikayəti əsasında məhkəmə tərəfindən çıxarılan qərara etiraz edib və bu işdə qarşılaşdığı problemdən danışıb.

Yelena Simakinanın sözlərinə görə, artıq bir neçə ildir ki, heyvansevər kimi fəaliyyət göstərərək, itlərə, pişiklərə yardım edir: "Yəni, mən hər yoldan keçən heyvanı himayəmə götürmürəm. Məsələn, avtomobillə yol ilə gedərkən, qarşıma vurulmuş, çəlimsiz, yara içində olan heyvan çıxırsa, o halda onları özümlə götürüb, kömək edirəm. Hərdən olur ki, qarşıma ayağı və ya onurğası sınıq itlər çıxır. Mən onları götürüb buraya gətirirəm. Bu fəaliyyətə 2014-cü ildən başlamışam".

Müsahibimiz deyir ki, həmin dövrlərdə itləri küçədə tüfənglə vururdular, vaxtilə onun itini də belə öldürüblər: "Sonradan mən o insanları tapdım və biz razılaşdıq ki, onlar daha bu itləri öldürməyəcəklər. Sözün düzü, bu biraz uzun söhbətdir. Bakı Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən sahibsiz itlərlə mübarizə idarəsi var idi, əvvəllər oranın adı belə idi. Balaxanıda yerləşdirdi. Mən orada sığınacaq yaratdım, ora küçədə tutulan itləri gətirirdilər. Bəzi rekonstruksiyalardan sonra 2017-ci ildə oradakı bir neçə iti bura gətirdim. Və bu həyətyanı sahədə itlər üçün balaca sığınacaqlar tikməyə başladım".

Yelena Simakina bildirir ki, itlər üçün sığınacaq tikməzdən əvvəl qonşulardan icazə alıb: "Öncə bu iki mərtəbəli evədə yaşayan qonşuya yaxınlaşdım. Sonra isə bu biri qonşuya yaxınlaşdım, onun pəncərəsi mənim həyətimə baxır. Amma həmin vaxt bu qonşu yox idi, o yük maşını sürücüsüdür, çox vaxt səfərlərdə olur. Amma Əhməd Rzayevlə biz telefon vasitəsilə əlaqə saxladıq. Əvvəlcə onu görəndə demişdim ki, burada itlər saxlamağıma, etirazın yoxdur? O da cavabında demişdi ki, xeyr etiraz etmirəm. Onun qohumu da bir az aralıda yaşayır, Pərviz Alıyev, o da razılıq vermişdi. Təbii ki, mən konkret olaraq, itlərin sayını deməmişdim. Yəni, söhbət 1-2 itdən getmirdi, demişdim ki, yolda vurulmuş it görsəm gətirəcəm. Onlar indi deyirlər ki, guya onlar bir-iki itin saxlanılmasına icazə vermişdilər. Amma bir – iki it saxlamaq üçün mənim qonşuların icazəsinə ehtiyacım yoxdur axı. Onları rahatlıqla öz ərazimdə saxlaya bilərdim. Yəni, aydın məsələ idi ki, söhbət bir-iki itdən getmirdi".

Bir müddət sonra Əhməd məndən şikayət yazmağa başladı, guya ona itlər mane olur. Mən ona yaxınlaşıb dedim ki, axı bilirdin belə olacaq. Mən ona dedim ki, bir it, iki it, on it – fərq etmir, onların hamısı hürür. Sonrada o başladı şikayət yazmağa, hətta bu işə mənim torpaq sahəmlə əlaqəsi olmayan qonşuları da cəlb etdi. Onlarla məsafəm bir kilometrə qədərdir, amma mənə qarşı olan ərizəni imzalayırlar, çünki onun qohumlarıdır. Onlar hamısı qohumdular. Məni Əhməd Rzayevin qohumları əhatə edib. O məndən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, bələdiyyə və Fövqəladə Hallar Nazirliyinə şikayət yazıb. Şikayətində isə bildirir ki, burada anti-sanitariya hökm sürür. Guya mən itlərə ümumiyyətlə, yemək vermirəm, bura həftədə bir dəfə gəlirəm, guya itlər aclıqdan ölür. O hətta televiziya əməkdaşlarına müraciət edib. Onlar isə gizlincə gələrək, mənim xəbərim olmadan, həyətin hasarına çıxaraq kameralarını mənim həyətimə soxublar. Ərazidə isə mənim kameralarım yerləşir. Mən isə öz kameralarıma baxaraq, onların nə etdiyinə baxırdım . Hansı əsasla onlar kameranı mənim həyətimə salıb, itlərimi çəkirlər? Mənə deyirlər ki, biz sizin telefon nömrənizi tapa bilmirdik. Başa düşmədim, məgər biz meşədə yaşayırıq? Bunun polisi var, sahə müvəkkili var, ən azından Əhməd mənim nömrəmi bilir. Axı, biz onunla dəfələrlə əlaqə saxlamışıq. Və bu müxbirlər də yazırlar ki, guya burada anti-sanitariya var və burada itlər ölür. Siz özünüz də baxa, çəkə bilərsiniz və görəcəksiniz ki, bura necə təmizdir. Sizə deyim ki, bu sizin gəlişinizlə əlaqəli bir şey deyil, bura həmişə belə vəziyyətdədir. Mən qaydalara riayət edirəm. Mən burada üç işçi dəyişmişəm, çünki mən görürəm ki, işçi artıq səhlənkarlıq etməyə başlayır, biz onunla sağollaşırıq. Çünki mən özüm təmizkarlığı sevirəm və itləri də təmiz saxlayıram. Sığınacaqda gəzişərək, hər yerə baxıb, çəkə bilərsiniz".

Müsahibimiz deyir ki, çoxsaylı şikayətlərdən sonra qonşusu onu məhkəməyə verib: "İddia edir ki, guya mən fəaliyyətimlə onun oğlunun sağlamlığına zərər vermişəm. Onun oğlu isə doğulandan bəri nevroloji dispanserdə qeydiyyatdadır. Yəni, o, mən sığınacağı yaratmamışdan öncə xəstələnmişdi. Əhməd məndən hər ay ona 450 manat ödəməyi tələb etdi. Sözsüz ki, məhkəmə onun iddiasını rədd etdi. Amma o sakitləşmədi, qonşuları toplayaraq, itlərin buradan köçürülməsi ilə bağlı yenidən məhkəməyə müraciət etdi. Təəccüblüdür ki, məhkəmə itlərin köçürülməsinə qərar verdi. Məhkəmə qərarında yazılıb ki, itlər köçürülsün. Hara? Niyə? Hansı əsasla? Axı onlar canlıdır. Bu əşya deyil ki, çıxarıb zibilliyə atasan. Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Məmmədov bunu necə təssəvvür edir? Qapını açıb, 40 iti küçəyə buraxmalıyam? Belə məsuliyyətsiz qərar qəbul etmək olar? Mən başa düşə bilmirəm onlar vaksinləşdirilib, stelerezasiya olunub, baytarlıq xidmətində qeydiyyatdadırlar. Buraya dezinfeksiya xidməti mütəmadi gəlir".

O xatırladıb ki, təxminən bir il Bakıda bənzər hadisə yaşanıb: "Xəzər rayonunun Mərdəkan qəsəbəsinin icra strukturları heyvan himayədarını məhkəməyə vermişdi, onun sığınacağı qəsəbənin düz mərkəzində yerləşirdi. Və orada onun, məndəki kimi 40 yox, 500 iti var idi. Buna baxmayaraq, məhkəmə insani davranaraq itləri saxlamağa qərar verdi. Çünki onları hər hansısa yerə köçürmək mümkün deyildi. Bizim itləri köçürməyimiz üçün hər hansısa dövlət sığınacağı yoxdur. Yəni, köçürməyə yer yoxdursa, məhkəmə itlərin qalmasına qərar verməlidir. Sual yaranır, necə olur ki, məni məhkəməyə verən beş qonşunun şikayəti ilə hakim 40 itin köçürülməsinə qərar verir? Hətta mənim sahəm qəsəbənin mərkəzində yerləşmir, düz yolun qırağındadır. Baxın bu evlər təzəlikcə tikilib. altı ay – bir il bundan öncə. Burada cəmi iki ev var və mən onlardan icazə almışam. Məhkəmə isə belə bir qərar verib. Təbii ki, Tural Məmmədovun qəbul etdiyi qərarla razılaşmayacağam və şikayətsiz qoymayacağam, Apelyasiya Məhkəməsinə müraciət edəcəm. Hazırda işin yenidən baxılması üçün lazım olan sənədləri yığıram. Və itlərə görə sonuna qədər mübarizə aparacağam. Onların incidilməsinə imkan verməyəcəyəm".