Məzmuna keç

“Azəriqaz”: Vaksinasiya olunmayan işçilərin maaşından tutulması barədə məlumatlar əsassızdır

Sosial şəbəkələrdə "Azəriqaz" İstehsalat Birliyinin COVID-19 əlehinə vaksinasiya olunmayan əməkdaşlarının əmək haqqından müxtəlif məbləğlərdə tutulma olduğu barədə məlumatlar yayılıb.

E-huquq.az məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovla əlaqə saxlayıb. C.Səfərov yayılan məlumatların əsassız olduğunu bildirib.

""Azəriqaz" İstehsalat Birliyində hər hansı əməkdaşın vaksinasiya olunmadığına görə işdən çıxarılması və ya maaşından hər hansı məbləğin tutulması kimi hallar baş verməyib. Ümumiyyətlə, vaksinasiya prosesindən irəli gələn tələblər barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edir və istənilən vətəndaş həmin məlumatları əldə edə bilər. Məlum olduğu kimi, ötən gün baş tutan brifinqdə vaksinasiya ilə bağlı müəyyən qərarlar səsləndirildi. Bir gün ərzində kimin maaşından tutuldu ki?! Bu məlumatlar həqiqətə uyğun deyil. Əgər kimdəsə, belə hallarla bağlı faktlar varsa, Qaynar xəttə və ya "Facebook" səhifəmizə müraciət etsin, biz həmin məsələni araşdıraq", – deyə qurumun rəsmisi qeyd edib.