Abonentlərin təbii qazdan rahat və daha əlçatan şəkildə istifadə etməsi “Azəriqaz” İstehsalat Birliyinin əsas prioritet hədəflərindən biridir.
E-huquq.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu məqsədlə Birlik tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.
Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərini mavi yanacaqla təmin edən istismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti 3 200 metr uzunluğunda polietilen boru ilə əvəzlənir. Görülən işlər çərçivəsində sərhəd bölgəsində yaşayan 2 700 abonentin qaz təchizatı xeyli yaxşılaşacaq.
Gəncə şəhərində Birliyin Təmir-Tikinti İdarəsi tərəfindən pərakəndə şəkildə çəkilən qaz xətləri diametri 225 mm olan vahid polietilen boru ilə çəkilən qaz xətti ilə əvəzlənir. 2 300 metr uzunluğunda yeni qaz xətti hazır olduqdan sonra təkcə Gəncə şəhəri deyil, Göygöl rayonunun da bir hissəsindəki 3 500-ə qədər abonent mavi yanacaqdan dayanıqlı şəkildə istifadə edə biləcək.
