Məzmuna keç

Deputat 17 yaşlı qızın intiharından danışdı: “Valideyn niyə övladından qurtulmaq istəyir?”

“Azərbaycanda elə bir mühit yaratmalıyıq ki, təhsil almayan qız uşağı qalmasın”

“Azərbaycanda elə bir mühit yaratmalıyıq ki, təhsil almayan qız uşağı qalmasın”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Zaqatalada 17 yaşlı qızın intihar etməsinə münasibət bildirərkən deyib. O, belə halların qarşısının alınması üçün mövcud mühitin dəyişməli olduğunu bildirib.

“17 yaşlı qızlar niyə məcburi ərə verilir? Niyə onlara qul kimi münasibət göstərilir? Niyə valideyn qızından qurtulmaq istəyir? Çünki təhsil imkanları məhdudlaşdırılır. Artıq təhsil almaq üçün uyğun mühit olmur. Bu zaman qız ya evdə oturlamalıdır, ya da ərə verilməlidir. Valideyn qızını başından etmək istəyir. Fikirləşir ki, gedib ailə qursun, müstəqil olsun, onun da yükü azalsın. Amma məsələyə təkcə bu istiqamətdən baxmaq olmaz. Bu, təkcə valideynin yox, bütünlükdə cəmiyyətin problemidir. Elə bir mühit yaratmaq lazımdır ki, 17 yaşlı qız ərə getmək haqda yox, təhsilini davam etdirmək barədə düşünsün. Bu mühit olmadıqda problemlər ortaya çıxır və öz fəsadlarını göstərir. Yəni mühitdən çox şey asılıdır. Bir epizoda görə, kiminsə üzərinə yüklənməklə məsələ həll olunmur. Təbii ki, burada intihara səbəb valideynin qıza qarşı zorakılığı olubsa, cinayət məsuliyyəti yaranır. Lakin bütünlükdə bu problemi geniş maştabda həll etmək lazımdır. Niyə qız məktəbləri, qız kollecləri açmırıq? Niyə buna şərait yaratmırıq? Düşünürəm ki, Azərbaycanda elə bir mühit yaratmalıyıq ki, ölkədə təhsil almayan qız uşağı qalmasın. Qızlar üçün təhsil daha vacibdir. Çünki gələcəyə savadlı analar lazımdır”, – deyə F.Mustafa qeyd edib.

Xatırladaq ki, iyunun 30-da Zaqatala rayonun Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb. Məlumata görə, 17 yaşlı qızın nişanı olacaqmış.