Banklarla vətəndaşlar arasında yaşanan problemlərdən biri də banklar tərəfindən borclu müştərilərin yaxınlarına zənglərin edilməsi ilə bağlıdır. Belə ki, bank vətəndaşa kredit verdikdə onunla əlaqə saxlamaq mümkün olmadığı halda məlumat ala biləcəyi bir neçə əlavə şəxsin telefon nömrəsini tələb edir. Bir çox hallarda qarşı tərəfin icazəsi olmadan onun nömrəsi həmin siyahıya daxil edilir. Daha sonra isə narazlığa səbəb olan zənglər gəlməyə başlayır. Belə olduqda vətəndaş nə etməlidir? Ümumiyyətlə, qanunvericilikdə bu məsələ hər hansı şəkildə tənzimlənirmi?
İqtisadçı, vəkil Əkrəm Həsənov e-huquq.az-a açıqlamasında bildirib ki, bu halda məsuliyyət müştərinin üzərinə düşür. O, qanunvericilikdə konkret bu məsələ ilə bağlı tənzimlənmə olmadığını söyləyib: “Əgər vətəndaş həmin kredit borcu ilə bağlı hər hansı sənədə imza atmayıbsa, heç bir məsuliyyət daşımır. Yəni, şəxsin telefon nömrəsinə bank tərəfindən zənglərin gəlməsi onun zamin olması demək deyil. Sadəcə olaraq, bank müştəri ilə əlaqə saxlaya bilmədikdə ondan zəng edə biləcəyi əlavə şəxslərin nömrələrinin təqdim olunmasını tələb edir. Əslində bu, düzgün deyil. Amma yaxşı olardı ki, bank həmin an nörməsini götürdüyü şəxslə əlaqə saxlayıb bu haqda bildirsin. Bununla bağlı narahatlığa görə isə banka yox, nömrənizi verən şəxsə etiraz etmək lazımdır”, – deyə Ə.Həsənov qeyd edib.
