Bakı şəhər sakininə avtomobilin dayanma qaydalarını pozduğuna görə altı dəqiqə ərzində həm Bakı Nəqliyyat Agentliyi (BNA), həm də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cərimə yazıb.
E-huquq.az-ın məlumatına görə, vətəndaş Səidə Hüseynova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, sentyabrın 22-də, saat 14:53-də avtomobili Süleyman Rəhimov:191 ünvanında park edib: “İlk olaraq həmin dəqiqədə BNA, sonra da yol polisi saat 14:59-da protokol tərtib edib. Yol polisi cəriməni yazanda BNA tərəfindən eyni cərimə protokolu artıq təxminən 5 dəqiqə əvvəl yazılmışdı. Mən avtomobili heç yerə sürməmişdim. Qanuna görə avtomobili heç yerə sürmürsənsə, o zaman bir protokol tətbiq olunmalıdır”.
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, bu hal qanunsuzdur: “Protokollara diqqətlə baxıldığı zaman görünür ki, ilk cəriməni BNA yazıb. İkinci cərimə polis tərəfindən yazıldığı üçün məsləhətdir ki, vətəndaş DYP-yə müraciət etsin və cəriməsi silinsin”.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, vətəndaşa yazılan protokol ləğv olunacaq: “Bu məsələ ilə rastlaşan hər bir vətəndaş bilməlidir ki, bununla bağlı sivil yol var. Birbaşa protokolun icrasını həyata keçirən struktura DYP-yə yönlənmiş Asan Pay xətti var. Bu hal baş verdikdə, müraciət edildiyi zaman dərhal protokol ləğv olunur”.


