Məzmuna keç

Bakı Avropa Liseyində Müəllimlər Günü ilə bağlı pul yığılır –

Oktyabrın 5-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

E-huquq.az xəbər verir ki, savadlı, bilikli gənclər ordusunu yetişdirmək, övladlarımızı şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə hazırlamaq kimi müqəddəs missiyanın daşıyıcılarının peşə bayramının Respublika səviyyəsində qeyd olunması onlara verilən qiymətin göstəricisidir. Lakin bu şərəfli adın daşıyıcılarına olan hörmətimizi bir daha ifadə etdiyimiz əlamətdar gün – 5 oktyabr tarixi təəssüflər olsun ki, heç də hər zaman xoş təəssüratlarla yadda qalmır. Demək olar ki, hər il Azərbaycan məktəblərində Müəllimlər Günü ilə bağlı valideynlərdən qanunsuz pul yığılmasına dair şikayətlərə rast gəlinir. Elə bu il də valideynlərin sözügedən məsələ ilə bağlı narazılıqları eşidilməkdədir.

Məlum olduğu kimi, ümumi təhsil müəssisələrində 22 sentyabr 2021-ci il tarixindən ənənəvi tədrisə başlanılıb. Dərslərin başlaması ilə qanunsuz pul yığılması barədə müzakirələr də başlayıb

Belə ki, e-huquq.az-ın redaksiyasına Bakı Avropa Liseyində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair valideynlərdən şikayət daxil olub. Valideynlər sinfin "WhatsApp" qrupu üzərindən onlardan 70 manat pul tələb olunduğunu iddia edirlər.

Məsələ ilə bağlı təhsil müəssisəsi ilə əlaqə yaratmağa çalışsaq da, telefon zənglərinə cavab verilmədi.

Rəşad Abbaslı