Məzmuna keç

“İqtisadiyyatımız gücləndikcə əhalinin sosial müdafiəsi də gücləndirilir”

“Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi bu gün dövlətimizin qarşısında duran prioritet vəzifələrdəndir”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamla əmək pensiyaçılarına maddi yardımın ayrılması da onların sosial həyatına göstərilən qayğının göstəricisidir: “Azərbaycanın iqtisadiyyatı gücləndikcə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə pensiyaların artırılması və əmək pensiyası alan şəxslərə 200 manat məbləğində maddi yardımın ayrılması bunu bir daha təsdiq edir. Ümumiyyətlə, son illər ölkəmizdə sosial sahədə çox böyük inqilabi islahatlar aparılır. Ötən ilin oktyabrında cənab Prezident tərəfindən “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalandı. Bu sərəncamdan irəli gələrək ötən ilin dekabr ayında və bu il bir sıra sərəncamlar imzalandı ki, bununla da ümumilikdə 2 milyondan çox Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənmiş tədbirlər müəyyənləşdirildi və həyata keçirilməyə başladı. Əmək haqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması istiqamətində əlavə tədbirlər görüldü. Ümumilikdə illik 1,5 milyard manat əlavə vəsaitin bu sərəncamlara uyğun olaraq xərclənməsi nəzərdə tutulub”.

Deputat COVID-19 pandemiyasının iqtisadiyyata vurduğu zərər fonunda Azərbaycanda yürüdülən sosial siyasətin təqdirəlayiq olduğunu deyib: “Nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası son iki ildə bütövlükdə dünya ölkələrinin iqtisadiyyatına çox ciddi mənfi təsirlər göstərib. Bununla yanaşı, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlib və burada çox böyük vəsaitlər xərclənib. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə çox böyük bərpa və yenidənqurma işləri aparılır. Bütün bunların fonunda Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzalanmış bu sərəncamlar, əlbəttə ki, inqilabi xarakter daşıyır”.

Xəyalə Bünyatova