Məzmuna keç

Millət vəkili: “Minimum əməkhaqqının artırılması bir çox sahələrdə maaşların artımına səbəb olacaq”

“Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, layiqli və keyfiyyətli həyat şəraitinin təmin edilməsi dayanır. Bu siyasətə uyğun olaraq əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə cənab Prezidentin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı davam etdirilən əhatəli sosial tədbirlər planının tərkib hissəsidir. Bu tədbirlərə uyğun olaraq 2023-cü ildə minimum əmək haqqının 300 manatdan 345 manata çatdırılması, həmçinin yaşayış minimumunun və ehtiyac meyarının həddinin artırılması nəzərdə tutulub. Minimum əmək haqqının məbləğinin 45 manat və yaxud 15% artırılaraq 345 manata çatdırılması sayəsində dövlət və özəl sektorda yüz minlərlə şəxsin əməkhaqqlarında əhəmiyyətli dəyişikliklər olacaq”.

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, minimum əməkhaqqının 345 manata çatdırılmsı əksər sahələrdə, o cümlədən elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət və digər sahələrdə çalışan on minlərlə şəxsin əməkhaqlarının artırılmasına öz təsirini göstərəcək.

“Xüsusilə də minimum aylıq əmək haqqının gözlənilən artımı ixtisassız işçilərin, aztəminatlı ailələrin, ictimai və sosial işlərdə çalışanların həyat şəraitini yaxşılaşdıracaq. Məlum olduğu kimi, Azərbaycanda minimum əməkhaqqı 2019-cu ilin sentyabrında 250 manata, 2022-ci ilin yanvarında isə 300 manata qaldırılmışdı. Həmin zaman artımlar ölkədə muzdla çalışan işçilərin 40 faizdən çoxunun – təxminən 600 min nəfərin əməkhaqqına müsbət təsir etdi. Hazırkı artım da əvvəlki siyasətə uyğun olaraq 600 mindən çox şəxsin əməkhaqqının artımına səbəb olacaq. Artımla əhatə olunacaq şəxslərin 75 faizə qədəri dövlət sektorunda çalışır. Belə ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının mislləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması yüz minlərlə işçinin maaşlarına təsir edəcək”, – deyə millət vəkili qeyd edib.

A.Hüseynov deyib ki, minimum əməkhaqqının artması növbəti mərhələdə pensiyaların indeksasiyası zamanı pensiya məbləğlərinin də artmasını şərtləndirəcək. “Digər tərəfdən, müəyyən qrup insanlar var ki, pensiyaları əməkhaqqı məbləği əsasında müəyyənləşir. Həmin şəxslərin pensiyalarında əlavə artımlar da baş verəcək. Bu artımlar dolayısı ilə yoxsulluq səviyyəsinin aşağı düşməsinə xidmət edəcək, eyni zamanda əhalinin gəlirlərini və pensiya kapitalının artımını nisbətən inflyasiyaya uyğunlaşdıracaq. Eyni zamanda, bu siyasət fərdi sahibkarlıq subyektlərinə müəyyən müsbət təsirlər göstərəcək”.

Rəşid Qarayev