Məzmuna keç

Müşfiq Məmmədli: “Bəzən şagirdlər özləri zorakılığı stimullaşdırır”

"Biz hər cür zorakılığın əleyhinəyik. İstər təhsil ocaqlarında, istər digər sahələrdə, istərsə də şəxsi münasibətlərdə zorakılıq hallarına yol verilməməlidir. Bu, hər şeydən öncə qanuna ziddir. Məktəbdə şagirdlərə qarşı zorakılıq edən müəllim də başa düşməlidir ki, onun bu addımı cəzasız qalmayacaq".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli bir neçə gün əvvəl 59 nömrəli məktəbdə müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirərkən deyib.

O, belə halların qarşısının alınması üçün məktəblərdə müəllim-şagird münasibətlərinin yüksək səviyyədə tənzimlənməli olduğunu bildirib.

"Son zamanlar sosial şəbəkələrdə tez-tez belə hadisələrlə qarşılaşırıq. Təəssüf ki, bəzən şagirdlər də sosial şəbəkə fenomeninə çevrilmək üçün süni şəkildə belə şərait yaratmağa çalışırlar. Yəni, bəlkə də normal vəziyyətdə belə hallar çox olmazdı, amma sosial şəbəkələrdə yayılmağa başlayandan sanki şagirdlər də bu halları stimullaşdırmağa çalışırlar. Bəlkə kimsə deyə bilər ki, orta məktəblərdə şagirdlərin dərsə mobil telefonla gəlməsinə icazə verilməsin və sair, amma mən düşünürəm ki, bu da çıxış yolu deyil. Çünki onda da qapalı divarlar arasında belə hallar baş verəndə cəmiyyət məlumatsız olacaq. Problemin həlli üçün normal tənzimlənmə olmalıdır. Proses normal şəkildə tənzimlənsə, bu zorakılıq hallarına rast gəlinməz. İlk növbədə məktəb rəhbərliyi tərəfindən sağlam mühit formalaşdırılmalıdır. Bundan başqa, dərslərin keyfiyyətli təşkil edilməsi üçün siniflərdə şagird sayı normalara uyğun olmalıdır. Həmçinin şagirdlərin dərsə marağının artması, onların diqqətinin kənar şeylərə yönəlməməsi üçün müxtəlif interaktiv tədris metodları tətbiq olunmalıdır. Dərs elə təşkil olunmalıdır ki, bu müddət ərzində şagird özünü təcrid olunmuş kimi hiss etməsin, sıxılmasın. O özü dərs prosesində aktiv iştirak etməkdə maraqlı olsun. Digər məsələ isə şagirdlərə onların hüquq və vəzifələrinin düzgün izah olunmasıdır. Şagird bilməlidir ki, məktəbdə müəyyən qayda-qanuna riayət etməlidir. Kiçik yaşlardan bu öyrədilməlidir. Yəni, burda şagird də öz məsuliyyətini dərk etməlidir. Çünki şagirdin qayda-qanuna riayət etməməsi, qeyri-etik davranışı da müəllimə qarşı bir növ psixoloji zorakılıqdır", – deyə deputat qeyd edib.

M.Məmmədli müəllim-şagird münasibətlərininin tənzimlənməsində valideynlərin də üzərinə iş düşdüyünü deyib: "Məncə, məktəb valideynlərlə də işləməlidir. Valideynlər üçün "Açıq qapı" günləri təşkil olunmalı, onlar məktəbin fəaliyyəti, dərslərin gedişatı ilə tanışlığa cəlb olunmalıdır. Həmçinin təklif edirəm ki, hər bir valideyn öz övladını məktəbə qoyarkən məktəblə valideyn arasında bir müqavilə imzalansın və tərəflərin öhdəlikləri burada qeyd olunsun. Bu, hüquqi sənəd şəklində hazırlansın və tərəflər öz üzərinə öhdəlik götürsün. O öhdəliklər pozulacağı təqdirdə tərəfləri hansı məsuliyyətin gözlədiyi müəyyənləşdirilsin. Ümümilikdə qeyd etdiyim məsələlər qarşılıqlı formada, kompleks şəkildə həyata keçirilərsə, müsbət nəticə əldə olunacağına inanıram".

Xəyalə Bünyatova