“Azərbaycan Respublikasında ilk Mülki Məcəllə: 100 illik tarix” adlı elmi konfrans keçirilib


  • 18 Dekabr 2023 23:10

15 dekabr 2023-cü il tarixində “ADA” Universitetinin Hüquq fakültəsi və fakültənin tələbə təşkilatı kimi fəaliyyət göstərən “ADA Hüquq Cəmiyyəti”-nin təşəbbüsü ilə "ADA" Universitetində “Azərbaycan Respublikasında ilk Mülki Məcəllə: 100 illik tarix” adlı elmi konfrans keçirilib.

E-huquq.az xəbər verir ki, konfransda dövlət və özəl sektorlarda rəhbər vəzifələrdə fəaliyyət göstərən bir çox mötəbər qonaq, həmçinin “ADA” Universiteti və Azərbaycanın digər universitetlərinin hüquq fakültələrinin müəllim və tələbə heyəti iştirak edib.

Konfrans “ADA” Universiteti hüquq fakültəsinin dekanı Dr. Rəşad İbadovun açılış nitqi ilə başlamış və digər qonaqların müzakirələri ilə davam edib.

Elmi konfrans zamanı məruzəçilər “Hüquq yayın evi” nəşriyyatının təsisçisi, h.ü.f.d., dosent Bəhruz Kərimli "1923-cü il Mülki Məcəlləsinin tarixi", Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev “Mülki Məcəllə: yeniliklər və müasir çağırışlar”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müəllimi, h.ü.f.d., dosent İbrahim Vəliyev "Roma hüququnun Mülki hüquqa təsiri", “Dentons” şirkətinin Bakı ofisinin Ortağı və İdarəedici Məsul Şəxsi Ülviyyə Zeynalova-Boçkin "Kommersiya münasibətlərinin Mülki hüquqda yeri" mövzusunda təqdimatlar etmiş və konfrans iştirakçıları ilə interaktiv müzakirələr aparıblar.

Həmçinin müəllim və professor heyəti adından “ADA” Universitetinin Hüquq fakültəsinin müəllimi, h.ü.f.d., dosent Azad Talıbov "1923-cü il Mülki Məcəlləsinin müasir Mülki Məcəllə ilə müqayisəsi" və h.ü.f.d. Aynur Axundlı "Alman Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinə təsiri" mövzusunda məruzələrlə çıxış edib.

Sonda iştirakçıların sualları cavablandırılmış, “ADA Hüquq Cəmiyyəti”-nin üzvləri tərəfindən cəmiyyətin bugünkü və gələcək fəaliyyət planları üzrə məlumat verilib.

Oxşar xəbərlər