"Azəriqaz" İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov 03.02.2020-ci il tarixində bəzi saytlarda "Mənzilində qaz istifadə edən istehlakçılar məsuliyyətdən azad olacaqlar" başlığı altında dərc olunmuş məqaləyə aydınlıq gətirib.
Onun sözlərinə görə, sözügedən məqalənin başlığına diqqət yetirən oxucularda yanlış bir təsəvvür formalaşmamalıdır ki, guya istehlakçılar dəyişiklik edilməsi nəzərdə tutulan qanunvericiliyə görə hər hansı bir məsuliyətdən azaddır: "Əslində bu heç də belə deyil. Qeyd etmək lazımdır ki, sahə üzrə mövcud qanunvericilik və aidiyyəti qurumlarla müvafiq qaydada razılaşdırılmış həmin qanunvericiliyə dəyişiklik layihəsi istehlakçıları məsuliyyətdən azad etmir. İstehlakçıların vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”n (Qaydalar) 3.2, 3.3-cü bəndlərində, eləcə də qaz paylayıcı ilə istehlakçı arasında qazın alqı-satqısına dair bağlanmış müqavilənin müvafiq bəndlərində də öz əksini tapmışdır. Bundan başqa, qazlaşdırılmış obyekt (mənzil, fərdi yaşayış evi və s.) daxilində texniki təhlükəsizlik tələblərinə (özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini aparmaq; qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər etmək və s.) riayət edilməsi ilə əlaqədar istehlakçılara münasibətdə Qaydalarda (3.4-cü bənd) hətta qadağanedici normalar da var".
V. Eyvazov qeyd edib ki, hazırda dəyişiklik edilməsi nəzərdə tutulan sənəd qaz sayğaclarının mühafizəsi ilə əlaqədar qanun deyil, yuxarıda bəhs edilən Qaydalardır: "Dəyişikliyə əsasən qanunsuz istehlak halları nəticəsində dəymiş ziyanın hesablanması və sayğacın işlək vəziyyətdə saxlanmasında qaz paylayıcı ilə yanaşı əhali kateqoriyasına aid edilən abonentlərində məsuliyyət daşımaları təyin olunur".
