Şaiq Mirzəyev polis idarəsində kobud rəftara məruz qalıb: "Bu, vəkillik fəaliyyətimə maneədir"


  • 11 İyun 12:56

Vəkil Şaiq Mirzəyev peşə fəaliyyətini yerinə yetirərkən Xətai rayonu Polis İdarəsində kobud rəftarla qarşılaşdığını bildirib.

Bu barədə e-huquq.az-a vəkil özü məlumat verib. Hadisə vəkilin müdafiə etdiyi şəxslə birgə idarəyə daxil olduğu zaman baş verib.

Onun sözlərinə görə, girişdə polis əməkdaşları ondan mobil telefonunu təhvil verməsini tələb ediblər: "Orada heç bir əsas və izahat verilmədən mobil telefonumun təhvil verilməsi tələb olundu. Halbuki bu günə qədər digər polis idarələrində belə bir hal ilə rastlaşmamışam. Mobil telefonumu niyə təhvil verməli olduğumu soruşduqda isə mənə səbəbi izah edilmədən Xətai rayonu Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümovun göstərişi olduğu deyildi. Həmçinin mobil telefonu təhvil verməyəcəyim halda müvəkkilimlə birlikdə müstəntiqin otağına daxil ola bilməyəcəyim bildirildi. Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və digər şəhər nömrələri ilə əlaqə saxlayıb qarşılaşdığım neqativ hal barədə məlumat verdim. Qaynar xətdən mənə bildirildi ki, müraciətimi yazılı şəkildə də etməliyəm. Acınacaqlı hal isə odur ki, Xətai Rayon Polis İdarəsinin rəis müavini Ramin Hüseynov mənim sualıma cavab vermək, telefonu tələb etmə səbəbini izah etmək əvəzinə, məişət üslübunda danışaraq, mənə idarənin qarşısında qarşı kobud və qeyri-etik davranış nümayiş etdirdi".

Vəkil bu münasibəti həm şəxsi ləyaqətinə, həm də vəkillik peşəsinin nüfuzuna xələl gətirən davranış kimi qiymətləndirib: "Bu, birbaşa mənim peşə fəaliyyətimin həyata keçirilməsinə qarşı əngəldir. Qanun çərçivəsində peşə fəaliyyətini yerinə yetirən vəkilə qarşı belə davranışlar yol verilməzdir. Əgər vəkilin mobil telefon vasitəsilə polis idarəsində hər hansı qanunsuz hərəkət etdiyi müşahidə olunarsa, bu halda onunla bağlı tədbir görülə bilər. Əks halda belə münasibət qəbul olunan deyil. Əgər vəkil heç bir qanun pozuntusu etmirsə, niyə onun telefonu əlindən alınmalıdır?".

Ş.Mirzəyev deyib ki, qanunvericilikdə vəkillərin polis idarələrinə (şöbə, bölmə) mobil telefonla daxil olması ilə bağlı heç bir məhdudiyyət yoxdur: "Bu tələb qanunvericiliyə ziddir. Əgər belə bir qayda varsa, onda bütün polis idərələrində (şöbə, bölmə) şəffaf şəkildə tətbiq olunsun. Azərbaycan Respublikasının "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununa əsasən, vəkilin peşə fəaliyyətinə müdaxilə qadağandır. Vəkil müdafiə etdiyi şəxslə sərbəst ünsiyyət qurmaq, ona hüquqi yardım göstərmək və bu məqsədlə texniki vasitələrdən istifadə etmək hüququna malikdir. Hüquq-mühafizə orqanlarının təhlükəsizlik məqsədilə bəzi daxili qaydalar tətbiq etməsi mümkündür. Lakin bu qaydalar vəkilin peşə fəaliyyətinə mane olmamalıdır və onlar qanunvericiliklə uyğunlaşdırılmalıdır".

Vəkil məsələ ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini bildirib. O, fakt üzrə araşdırma aparılmasını və qanunamüvafiq tədbir görülməsini istəyib: "Xətai Rayon Polis İdarəsinin rəis müavini Ramin Hüseynovun qanunsuz hərəkətlərinin, mənim vəkillik fəaliyyətimə maneə törədilməsinin səbəblərinin araşdırılmasını, həmçinin polis idarələrinə vəkillərin mobil telefonu ilə daxil olub-olmamasının hansı qanunvericilik aktı ilə tənzimlənməsi barədə mənə rəsmi məlumat verilməsini xahiş edirəm".

Daxili İşlər Nazirliyindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəkilin şikayəti ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər