- 11 İyul 23:36
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı və respublikanın bir sıra regionlarında sakinlərlə görüş keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Belə ki, iyulun 9-da paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində deputat Eldar Quliyevin, Bakı şəhəri, Xətai rayonu 265 nömrəli tam orta məktəbdə deputat Qudrət Həsənquliyevin, Sabirabad rayonu Heydər Əliyev Mərkəzində deputat Əhliman Əmiraslanovun, habelə Zəngilan Rayon İcra Hakimiyyətinin binasında (Masazır, keçmiş məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivi) deputat İmamverdi İsmayılovun təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.
Bakı şəhəri 7 saylı Vəkil Bürosu, Bakı şəhəri 13 saylı Vəkil Bürosu, “Zəfər” Vəkil Bürosu və Xırdalan şəhər Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 65 vətəndaşa peşəkar vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.